Ermənistanda səfərdə olan Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto İrəvanda Macarıstan konsulluğunun açılmasını təklif edib.
"AzPolitika.info" bu barədə Ermənistan mətbuatına istinadla xəbər verir. Siyarto erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib ki, bu fikri mətbuat konfransından əvvəl keçirilən görüşdə səsləndirib.
Macarıstan hakimiyyəti tərəfindən ölkənin erməni icmasına göstərilən diqqətdən danışan nazir bildirib ki, 13 il ərzində büdcədən maliyyələşmə 4 dəfə artırılıb.
Siyartonun sözlərinə görə, o, həmçinin Macarıstanın «Wizzair» aviadaşıyıcısını İrəvan-Budapeşt reysini öz istiqamətləri siyahısına daxil etməyə çağırmaq niyyətindədir ki, paytaxtlar arasında fiziki əlaqə olsun.
Nazir Ermənistanın 30 tələbəsinə təqaüd ayrıldığını da əlavə edib. Brifinqdə diqqət çəkən məqamlardan biri də budur ki, Siyarto iki ölkə arasında münasibətlərin inkişafı üçün «xristianlıq amilinin əsas» olacağını deyib.
Xatırladaq ki, 2012-ci ilin avqustundan bəri - Ramil Səfərovun Azərbaycana ekstradisiyasından sonra Ermənistanın Macarıstanla diplomatik əlaqələri yoxdur.
Rüfət
AzPolitika.info


Şərhlər