Ötən gecə Sumqayıtda 2 nəfərin qətlə yetirilməsi ilə nəticələnən silahlı insidentin bəzi təfərrüatları üzə çıxıb.
"AzPolitika.info" "qafqazinfo"-ya istinadən xəbər verir ki, ilkin araşdırmalardan sonra qətlin münaqişə zəminində, ailəyə yaxın şəxs tərəfindən törədilməsi müəyyən edilib. Hazırda həmin şəxsin yerinin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.
Bildirilir ki, silahlı şəxs gecə saatlarında Sumqayıtda 16-cı mikrorayonda yerləşən fərdi yaşayış evinə gəlib. O, evə hücum edərək Dağbəyi Fərəcovu və onun qızı Suzana Karakaşı güllələyərək qətlə yetirib. Bu zaman Suzananın həyat yoldaşı Serkan Karakaş və anası Tərlan Fərəcova da güllə yarası alıb.
Qonşuluqda yaşayan və polis şöbəsində sahə müvəkkili vəzifəsində çalışan Etibar Sarıyev və atası Mehman Sarıyev də səs-küyə çıxaraq qonşularına kömək etmək istəyib. Bu zaman onlar da müxtəlif dərəcəli xəsarətlər alıb.
Dağbəyi Fərəcovun sahibkar olduğu və kafe işlətdiyi bildirilir.
Hüquq-mühafizə orqanlarından əldə edilən məlumata görə, hadisəni törədən şəxs kameraya düşüb. Görüntülərdə 1 nəfər şəxsin (kişi) əlində silahla küçədə Dağbəyi Fərəcova məxsus evə yaxınlaşması əks olunub. Həmin şəxs qapının açılmasından sonra ardıcıl atəş açmağa başlayıb.
İlkin ehtimallara görə, cinayəti törədən şəxsin əsas məqsədi D.Fərəcovun kürəkəni Serkan Karakaşı qətlə yetirmək olub. Belə ki, S.Karakaş Bakıda bir neçə yerdə dönərxana açaraq işlədirmiş. Onun biznes fəaliyyəti ilə bağlı münaqişəsinin olması istisna edilmir. Hadisəni törədən şəxsin də Serkan Karakaşın qaldığı yeri öyrənərək onu və ailə üzvlərini qətlə yetirmək qərarına gəlməsi güman edilir.
***
“Dünən gecə Corat bağları yaşayış maasivində öldürülən Dağbəyi Fərəcov Müsavat partiyasının üzvü olub”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə adıçəkilən partiyanın başqan müavini Fərəc Kərimli sosial şəbəkədə məlumat verib.
“Bu gün səhər saatlarında Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının üzvü Dağbəyi Fərəcovun evinə silahlı hücum edilərək dəhşətli cinayət törədilib. Dağbəyi Fərəcovun Corat bağları yaşayış massivində yerləşən evinə silahlı hücum nəticəsində Dağbəyi Fərəcov və onun qızı Suzana Karakaş güllə yaralarından vəfat edib. Suzana Fərəcovanın həyat yoldaşı Serkan Karakaş və anası Tərlan Fərəcova isə güllə yarası alıb”, - qeyd edib.
F.Kərimlinin sözlərinə görə, qonşuluqda yaşayan və sahə müvəkkili vəzifəsində çalışan Etibar Sarıyev və atası Mehman Sarıyev də səs-küyə çıxaraq qonşularına kömək etmək istəyərkən onlar da xəsarətlər alıblar.
“AzPolitika.info”

***
Sumqayıtdakı silahlı basqının daha bir neçə təfərrüatı məlum olub.. APA xəbər verir ki, hücumda 1985-ci il təvəllüdlü Karakaş Suzanna və 1950-ci il təvəllüdlü Fərəcov Dağbəyi ölüb.
İlkin məlumata görə yaralılar Fərəcov Tərlan və Karakaş Serkan reanimasiyadadır. Serkanın vəziyyəti ağırdır.
Hadisə yerindən videonu təqdim edirik:
***
Okytabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölməsi və 2 nəfərin xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb və iş üzrə əhəmiyyət kəsb edən sübutlar götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanıb.
Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat ve riləcək.
***
Sumqayıtda evə silahlı hücum zamanı yaralanan şəxslərin adları məlum olub.
"Report"un yerli bürosunun məlumatına görə, xəstəxanaya hadisədən zərər çəkən 4 nəfər yerləşdirilib.
Bunlar 1958-ci il təvəllüdlü Mehman Mahmud oğlu Sarıyev, 1990-cı il təvəllüdlü Etibar Mahmud oğlu Sarıyev, 1960-cı il təvəllüdlü Tərlan Qulu qızı Fərəcova və Türkiyə vətəndaşı Sərkan Karakaşdır.
Onlara lazımi tibbi yardım göstərilir, vəziyyətləri ağıq olaraq qalır.
***
Sumqayıtda evə silahlı hücum olub, ölən və yaralananlar var.
"Report"un məlumatına görə, hadisə 16 mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.
Belə ki, evə ov tüfəngi ilə silahlı hücum zamanı ailənin 2 üzvü - Dağbəyi Fərəcov, Suzana Karakaş hadisə yerində ölüblər. İnsident zamanı Türkiyə vətəndaşı Sərkan Karakaş və Tərlan Fərəcova ağır yaralanıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.
Hazırda zəruri istintaq tədbirləri davam etdirilir..


Şərhlər
Bu hadisədən daha geniş-ətraflı məlumatdır. Ancaq, heç bir ilkini-ehtimal təfərrüat belə yoxdur-Cinayətin səbəbi nədir və ya nədən ola bilər?
Türkiyədə ailə-məişət zəminində belə qanlı və acımasız hadisələr çox olur.Mafiya-filan işinə qəti bənzəmir,çünki mafiyada ov tüfəngi nə gəzir,həm də türk kabadayıları qız-gəlini kəsinliklə güllələməzlər.Familiyadan bəlli ki Karakaşın atası türkdür.Amma haradadır?Sağdırmı,ölübmü?Əlaqəsi varmı bunlarla?