“Məcburi köçkünlərimizin Xankəndi, Xocalı və ətraf rayonlara qayıdışı mümkün qədər tez baş tutmalıdır”.
Bu sözləri “AzPolitika.info” saytına Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.
O xatırladıb edib ki, işğaldan azad olunmuş rayonların əksəriyyəti ermənilər tərəfindən dağıdılmışdı: “İşğalçılar uzun illər ərzində rayonlarımızın infrastrukturunu məhv edib, evləri dağıdıb, müxtəlif ərazilərə minlərlə mina basdırıblar. Buna görə də, qayıdış prosesi müəyyən zaman tələb edir. Lakin görürük ki, artıq yüzlərlə ailənin Laçın, Füzuli və Zəngilan rayonlarına qayıdışı baş tutub. Bu proses gedir. Amma sentyabr ayında işğaldan azad edilmiş rayonlarda qayıdış prosesini tezləşdirmək üçün müəyyən imkanlar var. Hesab edirəm ki, artıq kimlərin harda yaşadığı müəyyənləşdirilir. Evləri dağıdılmayan məcburi köçkünlər yaxın zamanda evlərinə qayıda biləcəklər”.
Millət vəkili qeyd edib ki, Xocalı şəhəri işğaldan əvvəl tamamilə azərbaycanlılardan ibarət olub: “Xankəndi, Xocavənd və Ağdərədə də on minlərlə azərbaycanlı yaşayıb. Xankəndinin az qala yarısı azərbaycanlı olub. Keçmiş muxtar vilayətdə tamamilə azərbaycanlılardan ibarət 52 kənd olub, o kəndlərdə soydaşlarımıza qarşı saysız-hesabsız cinayətlər, qətliamlar törədilib. Artıq bu torpaqlar bizdədir. Talanmış və qəsb olunmuş əmlak həqiqi sahiblərinə qayıtmalıdır və qayıdacaq da. Müəyyən təhlükəsizlik və infrastruktur məsələlərini həll etdikdən sonra, bu kəndlərdən zorla köçürülməyə məruz qalmış ailələrin qayıdışını reallaşdırmaq mümkündür.”
Deputat xatırladıb ki, işğaldan sonra Qarabağa minlərlə erməni köçürülüb. “Onların da çoxu azərbaycanlılara aid evlərə məskunlaşaraq onu mənimsəyiblər. Düşünürəm ki, aidiyyəti dövlət qurumları bununla məşğul olurlar. Hər halda, bu qayıdış prosesi nə qədər tez baş tutsa, o qədər yaxşı olar”, — deyə Sabir Rüstəmxanlı əlavə edib.
Rüfət Əhmədzadə
AzPolitika.info


Şərhlər
Cənab Yazıçı, bu nə xəfif sözlərdır? Xankəndi məgər İbrahim xanın, M.P.Vaqifin, Şah Abbasın, xainlərin qətl etdiyi Qacarın, Natəvanın doğma vətəni, orta Azərbaycan elinin coğrafi-həndəsi mərkəzi deyilmi?
“Az qala yarısı azərbaycanlı olub”sa o biri yarısı ermənistanlı olub ki?Azərbaycan pasportu daşıyan hər kəs azərbaycanlı demək deyilmi?İvanovkadakı rus da,Qusardakı ləzgi də,Qəbələdəki udin də,Lənkərandakı talış da,Laçındakı kürd də,Xankəndindəki erməni də,hamısı azərbaycanlı deyilmi?Sadəcə,Azərbaycan pasportu daşıyan ruslar rus əsilli azərbaycanlılardır,ləzgilər ləzgi əsilli azərbaycanlılar,talışlar talış əsilli azərbaycanlılar,udinlər udin əsilli azərbaycanlılardır,ermənilər erməni əsilli azərbaycanlılardır,çoxluq təşkil edən xalq isə azəri türkləridir,yəni Xəzər türkləri,Hazar türkləri.Onlar da azəri əsilli azərbaycanlılardır.Odur ki “Xankəndində həmişə tamamən azərbaycanlılar yaşayıblar,sadəcə yarısı azəri əsilli türklər olublar və ya qısaca olaraq,müslimanlar olublar” deyilməyi düzgün olar.Türkiyə-Azərbaycan üçün bir millət,iki dövlət deyiriksə,qardaş xalq deyiriksə,demək,Türkiyədə çoxluq təşkil edən xalq necə adlanırsa bizdə də çoxluq təşkil edən xalq elə adlanmalıdır.Erməni bizə türk deyir,biz isə hələ də gizlədirik.