“2024-cü ildə Azərbaycanda tütün məmulatları və alkoqollu içkilər üzrə aksiz dərəcələri artırılacaq”. Maliyyə Nazirliyinin hazırladığı "2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama" sənədində belə deyilir.
Nəzərdə tutulan dəyişikliyə görə, aksiz dərəcəsi tütündən hazırlanan siqaret və əvəzedicilərinin hər min ədədi üçün 38.5 manatdan 45.5 manata yüksəldilir. Ənənəvi siqaretlərlə yanaşı, gələn il ölkədə son illər populyarlaşan elektron siqaret (hər bir ədədi üçün aksiz dərəcəsi 25 qəpikdən 2 manata) və qızdırılma nəticəsində (buxarla) istehlak edilən tütün məhsullarının (hər min ədədi üçün 14 manatdan 16 manata) qiymətlərinin qaldırılması nəzərdə tutulub.
Tütün məhsulları ilə yanaşı, spirtli içkilərə tutulan aksizlər də artırılacaq. Aksiz dərəcəsi araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör məmulatları və konyak materiallarının hər litri üçün 4 manatdan 4.8 manata qaldırılır.
Bütün bu artımlar son nəticədə həmin məhsulların maya dəyərini artıracaq. Bu da tütün məmulatları və spirtli içkilərin bahalaşması deməkdir. Nəticədə hökumət 2024-cü ildə aksiz daxilolmalarını 145 milyon manat və ya 12 faiz artırmağı proqnozlaşdırır.
Dövlət Statistika Komitəsinin (DSK) açıqlamasına görə, bu ilin ilk 9 ayında Azərbaycanda içki və tütün məmulatlarının alışına 1 milyard 751 milyon manat xərclənilib. Hazırda ölkədə pərakəndə ticarət dövriyyəsində içki və tütünün payı 4.3 faizdir. Deməli, ölkədə pərakəndə ticarət zamanı xərclənən hər 100 manatdan 4 manat 30 qəpiyi içki və ya siqaretə sərf edilir.
Maliyyə Nazirliyinin yayımladığı sənəddən bəlli olur ki, ölkədə spirtli içkilər və tütün məmulatlarının bahalaşmasına təkcə aksizlərin artırılması təsir etməyəcək. Sənəddə qeyd edilir ki, beynəlxalq təcrübə nəzərə alınmaqla, alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbinin müəyyənləşdirilməsi yönündə addımlar atılır.
Yəqin ki, bu dəyişiklikdən sonra hökumətin bəlli etdiyi qiymətdən aşağı qiymətə spirtli içki satmaq mümkün olmayacaq.
“AzPolitika.info”


Şərhlər