Menu

“Nə Ukrayna, nə də Rusiya cəbhəni yara bilir” – Britaniya kəşfiyyatı səbəbini açıqladı

03.11.2023, 18:06
“Nə Ukrayna, nə də Rusiya cəbhəni yara bilir” – Britaniya kəşfiyyatı səbəbini açıqladı

Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnının “The Ekonomist”-də dərc olunan yazısı geniş müzakirələrə yol açıb. Xatırladaq ki, Zalujnı həmin yazısında Rusiya-Ukrayna müharibəsinin dalana dirəndiyini etiraf edib.

“AzPolitika.info” xəbər verir ki, Böyük Britaniya kəşfiyyatının mətbuat üçün nəzərdə tutulan son hesabatında bu mövzuya toxunulur və qeyd edilir ki, hazırda bütün cəhdlərə baxmayaraq, “nə Ukrayna, nə də Rusiya cəbhəni yara bilmir”. Hesabatda qeyd olunur ki, bunun əsas səbəbi hər iki tərəfin güclü Hava Hücumundan Müdafiə sistemlərinə malik olmasıdır. Belə ki, bu sistemlər qarşı tərəfin aviasiyadan effektiv istifadə etməsinin qarşısını alır. Nəticədə hücum həyata keçirən bölmələr aviasiya dəstəyi olmadan irəliləməyə çalışırlar ki, bu da əksər hallarda uğursuzluqla nəticələnir. Buna görə də Ukraynanın cənub cəbhəsində, Rusiyanın isə Avdeyevka istiqamətində hücumları müdafiə xətlərinin güclü müqaviməti nəticəsində istənilən nəticəni vermir.

Digər səbəb isə müharibənin coğrafi miqyasıdır. Tərəflər bütün 1200 kilometrlik cəbhə xətti boyunca hərbi qüvvə saxlamaq məcburiyyətindədir. Ona görə də hansısa istiqamətləri boşaldıb, konkret bir istiqamətdə kütləvi qüvvə toplamaq və onun sayəsində cəbhəni yarmaq mümkün olmur.

Onu da qeyd edək ki, Zalujnı sözügedən məqaləsində müasir texnologiyalar əsasında yeni silahlar hazırlanmadan və onlardan istifadə edilmədən cəbhədə ciddi dönüş yaratmağın, uzun məsafələrə irəliləməyin mümkün olmadığını yazıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol