“İranda siyasi qərarların qəbuluna təsir edən ən nüfuzlu ekspertlər daim deyirlər ki, Tehran heç bir halda Zəngəzur dəhlizinin açılmasına imkan verməməlidir. Çünki bu, İranın 100 illik gələcəyinə təhlükə yaradacaq. Onlar Ermənistan sərhədinin toxunulmazlığını İranın uzunmüddətli inkişafının açarı hesab edirlər”.
“AzPolitika.info” xəbər verir ki, bunu İran parlamentinin erməni üzvü Robert Beqlaryan erməni mediasına müsahibəsində deyib.
“Məlumdur ki, Zəngəzur dəhlizi Bakı və Ankara üçün strateji əhəmiyyət kəsb edir, onlar Ermənistanın zəiflədiyini və güzəştlərin əldə oluna biləcəyinə inanır”, - o qeyd edib.
Erməni deputat bildirib ki, Türkiyə və Azərbaycan müxtəlif bəyanatlarla İranın mövqeyini yumşaltmağa çalışır: “Vəziyyət çox sürətlə dəyişir, bağlı qapılar arxasında çox şey müzakirə olunur. Ermənistan İran üçün Şimala və Qara dənizə çıxışda mühüm əhəmiyyət kəsb edir. Proseslərin inkişafı resurslardan və vəziyyətdən asılıdır, lakin bəzi məqamlarda prioritetlər müvəqqəti olaraq dəyişə bilər. Qəzzada baş verən hadisələrin məhz belə bir vəziyyət yarada biləcəyi təhlükəsi var”.
Beqlaryanın sözlərinə görə, Qarabağ məsələsinin həlli, eləcə də kənar oyunçuların fəallaşması İranı “3+3” formatı da daxil olmaqla, öz mövqeyini aydınlaşdırmağa məcbur edib.
“Türkiyənin regionda NATO üzvü kimi ənənəvi fəaliyyəti İran üçün həmişə həssas məsələ olub. Ona görə də Tehran “3+3” formatının regional məsələlərin həllində ciddi rol oynamasında maraqlıdır. Amma hər ölkənin öz maraqları var. Görürük ki, Gürcüstan ümumiyyətlə iştirakdan imtina edir, Rusiya Ukrayna problemi ilə məşğuldur və Türkiyə və Azərbaycanın müəyyən dividendlər götürməsinə şərait yaradır. Türkiyə NATO-nun təmsilçisidir, Azərbaycan isə müxtəlif müstəvilərdə yaxşı oynayır. Bu baxımdan “3+3” formatı yalnız deklarativ məna daşıya bilər”, - deyə o, fikrini yekunlaşdırıb.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər