Ukrayna Prezident Ofisi rəhbərinin müavini İqor Jovkva Ukrayna Silahlı Qüvvələri Baş komandanı Valeri Zalujnını “The Ekonomist” nəşrində dərc etdirdiyi məqaləyə görə tənqid edib.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Prezident Ofisinin təmsilçisi general Zalujnının bu məqaləsinin mənfi effekt verdiyini bildirib. Jovkva deyib ki, hərbçilərin cəbhədəki vəziyyəti mətbuat üçün təhlil etməsi və müzakirəyə çıxarması doğru deyil. Çünki bu, işğalçının işini asanlaşdırır.
O, həmçinin qeyd edib ki, Zalujnının məqaləsi Ukraynanın Qərbdəki tərəfdaşlarını təşvişə salıb: “Mənə liderlərdən birinin aparatının rəhbəri zəng edib. Onlar həyəcanla soruşurlar ki, siz doğrudan dalana dirənmisiniz? Biz həmin məqalə ilə bu effektə nail olmaq istəyirdikmi?”
Jovkva deyib ki, Zalujnının məqaləsinin bütövlükdə mahiyyəti onu təəccübləndirib və hərbçilərin bu cür qiymətləndirmələrlə çıxış etməsi doğru taktika deyil.
“Biz bundan da çətin vəziyyətlərdə olmuşuq”. Bunu isə Prezident Volodimir Zelenski jurnalistlərin Zalujnının məqaləsinə dair sualını cavablandırarkən deyib: “Bu gün statusundan asılı olmayaraq, insanlar yorulub. Bu, aydındır və burada qeyri-adi heç nə yoxdur. Amma bu, pat vəziyyəti deyil”.
Zelenski bildirib ki, “F-16”-ların verilməsilə cəbhədə vəziyyəti düzəltmək mümkün olacaq. O, xatırladıb ki, hava dəstəyi olmadan hücuma keçmək çoxsaylı itkilər demək olardı. Ona görə də “F-16-lar”ı gözləmək doğru qərardır.
Bununla yanaşı, Prezident bildirib ki, ərazilərin Rusiyaya verilməsi çıxış yolu deyil. Çünki bu, işğalın sonu yox, yeni başlanğıcı olacaq və Ukrayna öz ərazisində “dondurulmuş münaqişə” istəmir.
“AzPolitika.info”


Şərhlər