Təhlilçilərə görə diaspor zamanla köç anlayışından güc anlayışına doğru irəliləyə, siyasi və iqtisadi təsir imkanlarını genişləndirə bilirsə, ana vətəni üçün əvəzolunmaz qüvvəyə çevrilir. Bu gün təhsildən ticarətə, sənətdən siyasətə qədər bir çox sahələrdə Azərbaycan diasporunun uğur qazanan təmsilçiləri var. Diasporumuz əldə etdiyi nailiyyətlərlə bərabər ana vətəni ilə başqa ölkələr arasında da körpü qura bilir, sadəcə bir köç dəstəsi olmaqdan çıxaraq iqtisadi, sosial və mədəni nöqteyi nəzərdən də güclü bir yerə gəlir.
Getdikcə güclənən Azərbaycan diasporu öz potensialını 2020-ci ildə başlayan Vətən müharibəsi dövründə daha dərindən nümayiş etdirdi və hədəflərinin Azərbaycanın tanıdılması, həqiqətlərin daha geniş yayılması olduğunu göstərdi. Dünya azərbaycanlılarını təmsil edən intellektual diasporumuz siyasi debatlarda, beynəlxalq media platformalarında lazımi mövqe nümayiş etdirməklə informasiya müharibəsində güclü tərəf olduğunu sübut edə bildi. Bu cür fəaliyyət təbii olaraq postmüharibə dönəmində də davam edir və yüksələn xəttlə gedir.
İnformasiya müharibəsinin uğurlu iştirakçısı olmağa diasporumuzun potensialının imkan verməsiylə yanaşı, Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdəki icmalarımızla apardığı sistemli işin, diasporun məlumatlandırılması və istiqamətləndirilməsi sahəsindəki fəaliyyətin də rolu az deyil. Dövlət Komitəsinin xaricdəki alimlərlə, tarixçilərlə, üstəlik yeni nəsil diasporla bağlı həyata keçirdiyi layihələr məhz bu dövrdə öz bəhrəsini verdi və icma üzvlərinin beynəlxalq informasiya platformalarında fəallığını artırdı.
Əldə edilən məlumata görə son bir il ərzində Azərbaycan diasporunun nümayəndələri və xaricilərin vasitəsilə 100-ə yaxın beynəlxalq KİV-də Azərbaycan həqiqətləri barədə geniş məqalələr dərc olunub. Dövlət Komitəsinin əməkdaşlıq etdiyi jurnalist və ziyalılardan ibarət qrup üzvləri tərəfindən Fransa, İtaliya, İngiltərə, Belçika, Moldova, Rusiya, Ukrayna, Türkiyə, Misir, Qırğızıstan, İraq, Kipr və Kosovo kimi dünyanın sayılıb-seçilə 14 ölkəsinin müxtəlif KİV-lərində 38 məqalə dərc edilib. Azərbaycan həqiqətlərini əks etdirən 55-dən çox qısa videoçarx hazırlanaraq sosial şəbəkə üzərindən yayımlanıb.
İnformasiya müharibəsinin fəal iştirakçılarına çevrilən diaspor üzvləri erməni yalanlarının ifşa olunması, erməni təxribatlarının mahiyyətinin açılması, dezinformasiyaların qarşısının alınması məqsədilə diaspor nümayəndələri müharibə dövründə onlarla TV proqramlarında, debatlarda çıxış edib, bu gün də bu işi uğurla davam etdirirlər.
Qafqaz məsələləri üzrə ekspert, Stokholmda yayılan “Tribun” jurnalının baş redaktoru Əlirza Ərdəbilinin BBC-nin fars xidmətinə Azərbaycan-Ermənistan münasibətləri barədə verdiyi kifayət qədər informasiya yükü daşıyan müsahibəsi böyük maraqla qarşılanıb. Soydaşımızın ermənilərin indiki Ermənistanın ərazisində məskunlaşması, azərbaycanlılara qarşı aparılan mərhələli etnik təmizləmənin tarixi və digər məsələlərə münasibət bildirməsi həqiqətlərin üzə çıxmasına xidmət edib. İstənilən suala verilən tutarlı, tarixi faktlarla zəngin cavab informasiya müharibəsində diasporun fəallığı baxımından müsahibənin əhəmiyyətini xeyli artırıb.
Başqa bir fakt da diqqətçəkəndir. Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Günel Səfərova bu ölkədəki erməni diaspor təşkilatları koordinasiya şurasının rəhbəri Frank Papazyanla teledebatda proseslərə ermənisayağı yanaşaraq saxta tarixi faktlar səsləndirən, qondarma “erməni soyqırımı”ndan danışan F.Papazyanı tutarlı cavabları ilə susmağa məcbur edib. Verilişdə ermənilərin 1992-ci ildə törətdiyi Xocalı soyqırımı və Qarabağın gerçək tarixi haqqında ətraflı informasiya verilib, tarixi həqiqətlərə güzgü tutulub.
Fransada yaşayan azərbaycanlı hüquqşünas, politoloq, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin və Fransa Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Zaur Sadıqbəyli dəfələrlə TV və radio proqramlarında, teledebatlarda erməni yalanlarını ifşa edib, həqiqəti tarixi faktlarla sebuta yetirib. Onun Fransanın “Radio Courtoisie” radiostansiyasında bu ölkədə erməni əsilli jurnalist Leo Nikolyanla debatı Azərbaycan həqiqətlərinin daha çox yayılmasında önəmli rol oynayıb. Radionun “Azad mübahisələr” proqramında baş tutan debat zamanı Qarabağ münaqişəsinin tarixi, münaqişənin inkişafı, Fransanın bu məsələdə rolu kimi mövzular müzakirə edilib və suallar tutarlı faktlarla cavablandırılıb.
Bununla bərabər xarici jurnalistlər, siyasətçilər və tarixçilərin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qarabağa səfərlərinin təşkil olunması, nəticədə xarici media orqanlarında yüzlərlə yazının işıq üzü görməsi də informasiya müharibəsində üstünlüyümüz üçün əvəzsiz rol oynayır.
İsraildə fəaliyyət göstərən İqtisadi Sülh Mərkəzinin prezidenti, İsrailin sabiq rabitə və kibertəhlükəsizlik naziri, politoloq Ayub Kara, Dona Gracia Diplomatiya Mərkəzinin baş direktoru, İqtisadi Sülh Mərkəzinin informasiya-xəbər saytının redaktoru Reyçel Avraham, “NEWSRAEL” xəbər saytının vitse-prezidenti, İsrailin Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı, Tel-Əviv Universitetinin mühazirəçisi Mordexay Kedar, Böyük Britaniyadan Neil Vatson, almaniyalı tarixçi Mixael Hess, Litvadan olan hərbi fotoqraf və jurnalist Riçardas Lapaitis, Niderlanddan Henri van Rens, isveçli fotojurnalist Mikael Silkeberg, Fransadan Gregory Herpe, Alain Roumestand, Renaud Gerard, Artur Herpe, Michel Odin, Michal Kupsa, Misirdən Ayman Amin, Ayman Habana, Əlcəzairdən Əbdulkadir əL-Xalil, Yaponiyadan Kazuyasu İşida, Malayziyadan Taqib Şaker və adını çəkmədiyimiz digər jurnalistlər ABŞ, İsrail və Avropa mediasında Azərbaycan həqiqətlərinin işıqlandırılmasında, ölkəmizə qarşı qarayaxma kampaniyalarının ifşasında öz fəallıqları ilə seçilirlər. Nəticə budur ki, müxtəlif sferaları təmsil edən xaricilərlə əlaqələrin möhkəmliyi informasiya müharibəsində mövqelərimizi möhkəmləndirir və lobbiçilik siyasətini dərinləşdirir.
Azərbaycan diasporunun ABŞ və Avropada müxtəlif şəhərlərin meriya nümayəndələri ilə, merlərlə görüşlərinin keçirilməsi, dünyanın nüfuzlu elm ocaqlarında anım tədbirlərinin təşkili, ABŞ-da Azərbaycanla bağlı elmi konfransların keçirilməsi, Minnesota ştatının qubernatoru Tim Volzun fevralın 26-nın Azərbaycan - Xocalı günü elan edilməsi ilə bağlı bəyanatı, Arizona, Nebraska, Cənubi Karolina, Ayova ştatlarında 28 May - Azərbaycan Milli Günü elan edilməsi də diasporumuzun informasiya müharibəsindəki üstünlüyünün göstəricisidir.
Başqa bir fakta da diqqət çəkmək də yerinə düşər. Diasporla İş üzrə Dövlət Komitəsi ilə ADA Universitetinin birgə təşkilatçılığı ilə Bakıda “Cənubi Qafqazda post-münaqişə dövründə inkişaf” mövzusunda dəyirmi masa-dinləmələrin keçirilməsi informasiya savaşında üstünlük əldə etmək üçün atılan addımlardan biridir. Həmin beynəlxalq tədbirdə 22 xarici ekspert iştirak etməsi və daha sonra xarici mediada Azərbaycanla bağlı həqiqətləri yaymaları təqdirəlayiq haldır.
Bütün bunlar görülən işlərin yalnız bir qismidir. Qənaət budur ki, xaricdəki Azərbaycan icmaları müharibə və postmüharibə dövründə informasiya müharibəsinin kifayət qədər fəal iştirakçısı və ağıllı tərəfi ola bilib, dezinformasiyaların aradan qaldırılmasında vəziyyəti ölkəmizin xeyrinə dəyişə biliblər. Lakin çox böyük və daha fundamental işlər hələ qabaqdadır və görülməlidir. Çünki nə qədər uduzmuş və zəifləmiş görünsə də erməni diasporu bundan sonra da “yalan maşını” olmaqda, dizinformasiyalar yaymaqla beynəlxalq ictimaiyyəti aldatmaqda davam edəcək. Bunun fonunda diasporumuzu güclü görmək, informasiya müharibəsində qalib tərəf olduğunu seyr etmək istəyirikcə, onun yetişməsi üçün daha çox işlər həyata keçirilməli, xaricdəki icma üzvlərinin müxtəlif informasiya platformalarında fəallığı daha da artırılmalı, diasporun fəaliyyəti mədəni sferadan siyasi və iqtisadi sferaya keçməlidir. Bu indiki dövrün tələbi və reallığıdır.


Şərhlər