Oktyabrın 7-dən bəri Qəzza zolağında gedən döyüşlərdə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) 88 əməkdaşı həlak olub.
“AzPolitika.info” xəbər verir ki, bu barədə BMT-nin 17 humanitar təşkilatının nümayəndələrinin imzaladığı birgə bəyanatda deyilir. Bəyanatda münaqişə tərəfləri dərhal humanitar atəşkəsə çağırılır.
Sənəddə qeyd edilir ki, bu, indiyədək bir münaqişədə həlak olan BMT əməkdaşlarının ən böyük sayıdır.
Bəyanatda oktyabrın 7-də Qəzza zolağına nəzarət edən HƏMAS təşkilatının İsrailə hücumundan sonra münaqişədə hər iki tərəfdən ölənlərin sayı göstərilib. İsrailin 1400-dən çox insanı öldürülüb ki, onların böyük əksəriyyəti elə ilk gündə qətlə yetirilib. 200-dən çox insan isə girov götürülüb.
Bəyanatda həmçinin İsrailin Qəzza zolağında 3900-ü uşaq olmaqla 9500-ə yaxın insnı öldürdüyü qeyd olunub. Bu, HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyinin məlumatıdır.
Bəyanatda girovluqda olan bütün mülki şəxslərin azad edilməsi, həmçinin Qəzzaya zəruri ləvazimatların fasiləsiz çatdırılması və atəşkəs tələb olunur.
"30 gündür müharibə davam edir. Daha bəsdir. Buna indi son qoyulmalıdır", - sənəddə deyilir.
Sənədi imzalayanlar arasında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, UNİCEF-in icraçı direktoru və DST-ün rəhbəri də var.
Qeyd edək ki, İsrailin Qəzzanı bombalaması və döyüşlər nəticəsində həlak olan mülki əhalinin sayı artdıqca, atəşkəs çağırışları da artır. Birləşmiş Ştatlar İsrailin HƏMAS-a qarşı əməliyyatının dayandırılmasını dəstəkləməsə də, hərbi əməliyyatlarda humanitar fasilənin tərəfdarıdır.
İsrail hakimiyyəti isə atəşkəsə razı olmadıqlarını deyir - ən azı bütün girovlar heç bir şərt olmadan azad edilənə qədər. İsrail HƏMAS-ı tamamilə məhv etmək məqsədi ilə Qəzzada quru əməliyyatına başlayıb.
İsrail hakimiyyəti daha əvvəl BMT və onun Baş katibini kəskin tənqid edərək, onları HƏMAS üçün bəhanələr axtarmaqda və hazırkı eskalasiyaya səbəb olan 7 oktyabr hücumunu açıq şəkildə pisləməməkdə günahlandırıb.
Bazar ertəsi gecə İsrail hərbçilərinin bildirdiyinə görə, onlar Qəzzada HƏMAS-ın böyük qalasına nəzarəti ələ keçirə biliblər. İddia olunur ki, Qəzza şəhəri mühasirəyə alınıb və zolağın özü də iki hissəyə bölünüb - İsrail hərbçiləri dənizə çatıb, zolağın şimalını cənubdan kəsiblər. Yaxın iki gün ərzində şəhərin özündə əməliyyatlara başlanacağı gözlənilir. HƏMAS da öz növbəsində 200-ə yaxın mülki şəxsin gecə partlayışlarının qurbanı olduğunu bəyan edib.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər