Menu

“Bir kompüter dövlətə 12 min manata başa gəlib” – Ekspert ADY-də şübhəli tender əməliyyatlarından yazdı

07.11.2023, 15:55
“Bir kompüter dövlətə 12 min manata başa gəlib” – Ekspert ADY-də şübhəli tender əməliyyatlarından yazdı

Multmediya sahəsi üzrə mütəxəssis Osman Gündüz “Feysbuk” səhifəsində Azərbaycan Dəmir Yolları (ADY) haqqında maraqlı paylaşım edib. 

“AzPolitika.info” xəbər verir ki, ekspert ADY-nin tender əməliyyatlarında şübhəli məqamlardan bəhs edib.

“ADY haqqında 3 xəbər var. Biri xoş xəbər, biri pis xəbər, biri də düşündürücüdür. Xoş xəbər odur ki, ADY ilk dəfə olaraq böyük satınlalmalarını şəffaf keçirməyə başlayıb. Artıq ilk dəfə olaraq bu qurumun da tender nəticələri mediada görsənir və ictimai müzakirə predmeti olur. Bu yaxşı haldır. Əvvəllər heç vaxt bu tip məsələlər gündəmə çıxmayıb, qapalı olub;

Pis tərəfi odur ki, bu qurumda tenderi, onun texniki şərtlərini kim hazırlayıbsa, şübhələnmək üçün əsaslar var ki, satınalma qaydaları ciddi olaraq pozulub;

Əvvəlcədən başqalarının hüquqlarını məhdudlaşdıran texniki şərtlər müəyyən edilib. Qalib İnformasiya Texnologiyaları (İT) şirkətləri “SmartİT” və “İnfinitech” olub. Artıq bu haqda məlumat verilib ki, bir noutbuk ADY üçün az qala 12 min manata başa gəlib. Alınanlar isə “Dell” kompüterləri olub. Bu baş verənlər, doğru bir hal deyil”.

O. Gündüz bir məqamı da vurğulayır ki, son zamanlar “Dell” kompüterlərinin dövlət qurumları tərəfindən alqı-satqısında problemlər müşahidə olunur. “Ümid edirəm Antiinhisar da bunu müşahidə edib”, - deyə o əlavə edib.

Ekspertin sözlərinə görə, ADY-nin aldığı həm 4 milyonluq “Palo Alto” kibertəhlükəsizlik platforması, həm də digər avadanlıqların qiymətləri ciddi müzakirə predmeti ola bilər. “Ümid edirəm ADY rəhbərliyi bu tip texniki şərtlərdən xəbərsiz olub və araşdıracaq”, - o qeyd edib.

Düşündürücü məqama gəldikdə, Osman Gündüz bildirir ki, ADY bir sıra proqram təminatları üçün lisenziyalar da satın alması maraqlıdır: “Amma ölkədə bir müddət öncə bu lisenziyaları böyük dövlət resursları hesabına elə “AzİnTelecom” da əldə etmişdi. Düşündürücü məqam odur ki, görəsən ADY nə üçün eyni "mətbəxdə" olduğu “AzİnTelecom” resurslarından istifadə etməyib. Ölkədaxili əsas dəmiryol marşrutlarının indiyədək işləməməsi və nə vaxt işləyəcəyi ilə bağlı məsələ isə bir başqa müzakirə mövzusudur”.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol