Menu

“Almaniya Qarabağ məsələsində özünün yox, Fransanın sözünü deyir” – Politoloq

07.11.2023, 17:23
“Almaniya Qarabağ məsələsində özünün yox, Fransanın sözünü deyir” – Politoloq

Almaniya XİN başçısı Annalena Berbokun İrəvana və Bakıya səfəri göstərdi ki, rəsmi Berlin əvvəlkindən fərqli olaraq, hazırda regiondakı məsələlərlə bağlı, o cümlədən Qarabağ məsələsində Fransanın təsiri altındadır.

Bunu politoloq Tofiq Abbasov Berbokun regiona səfərini “Azpolitika.info”-ya şərh edərkən deyib.

Politoloq qeyd edib ki, sabiq kansler Angela Merkelin zamanında rəsmi Berlin nisbətən neytrallığını qoruyur, Azərbaycanın ərazi bütövlüyü məsələsində beynəlxalq hüquqa uyğun davranmağa çalışırdı.

“Hazırda isə biz bunu görmürük. Şoltz və onun komandası sanki Emmanuel Makronun təsiri altındadır və xarici siyasətdə də Fransanın dominantlığına imkan verir. Ümumiyyətlə, son 30 ildə avropalı diplomatlar Ermənistandan və Qarabağdan zorla qovulmuş, qətliam və işgəncələrə məruz qalmış insanların taleyi ilə maraqlanmırdı. Ötən günlərdə Annalena Berbokun hərəkətləri isə Qərbin davamlı göstərdiyi ikili standartların ən “bariz nümunəsi” oldu. Berbok Qarabağdan könüllü gedən 25-30 erməninin taleyi ilə maraqlanır, İrəvanda onlarla görüşür, amma Bakıya gələndə azərbaycanlı məcburi köçkünlərlə görüşməyə vaxt tapmır. Amma əvəzində isə QHT nümayəndələrilə görüşür... Yaxşı ki, Azərbaycanlı müxbirlər Laçın sərhəd-buraxılış məntəqəsində ermənilərdən sorğu götürdülər, bu müsahibələri işıqlandırdılar. Həmin müsahibələrdən də görünür ki, onları Azərbaycan Ordusu yox, illərlə istismara uğradığı qondarma rejim getməyə vadar edib”, - deyə politoloq qeyd edib.

Tofiq Abbasov düşünür ki, bu səfər regiondakı vəziyyətin dəyişməsi, münasibətlərin normallaşması baxımından heç bir töhfə verməyib: “Berbok adicə Azərbaycan rayonlarının adını çəkərkən buraxdığı səhvlər ilə, diplomatiyadan naşı olduğunu göstərdi. Hesab edirəm ki, Berbokun regiona səfəri “getdim, gəldim” deməkdən başqa heç bir səmərə daşımadı”.

Politoloq əlavə edib ki, Fransa prezidenti Emmanuel Makronun dəfələrlə göstərdiyi ermənipərəst yanaşmaları, Azərbaycana təzyiq cəhdləri indi Almaniyanın ifasında müşahidə olunur: “Hiss olunur ki, Almaniyanın son zamanlar göstərdiyi siyasətdə Fransanın, daha doğrusu Makronun dəsti-xətti var. Yaxşı olardı ki, rəsmi Berlin bölgədəki məsələlərə yanaşmasında müstəqil xətt yürütsün və başqalarının yox, məhz öz maraqlarını nəzərə alsın”.

Rüfət

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol