Menu

Ekspert şərtləri açıqladı - İpoteka güzəşti mənzilləri ucuzlaşdıra bilər?

09.11.2023, 11:26
Ekspert şərtləri açıqladı - İpoteka güzəşti mənzilləri ucuzlaşdıra bilər?

Bu gün regionlarda ipoteka şərtlərinin yüngülləşdirilməsi təklif edilir və bu istiqamətdə dövlət tərəfindən müəyyən addımların atıldığı qeyd edilir. Hesab edilir ki, regionlarda ipoteka şərtlərinin yüngülləşdirilməsi Bakıya əhali axınını dayandıracaq və əhalinin regionlarda yaşamasını stimullaşdıracaq. Digər bir məsələ isə regionlarda ipoteka şərtlərinin yüngülləşdirilməsinin mənzil bazarında qiymətlərə hansı formada təsiri ilə bağlıdır.

Məsələ ilə bağlı “Trend”ə açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, regionlarda ipoteka şərtləri Bakı ilə müqayisədə daha əlçatandır.

“Çünki regionlarda evlərin də qiyməti Bakı ilə müqayisədə aşağıdır. Nəticə etibarı ilə alınan mənzillərə görə aylıq ödənişlərin məbləği vətəndaşlar üçün kifayət qədər əlçatan olur.

Bu, başqa məsələdir ki, regionlarda ipoteka götürmək istəyən şəxslərin gəlirləri Bakıdakı səviyyədə deyil, aşağıdır. Eyni zamanda hesab edirəm ki, rayonlarda məskunlaşmanı təşviq etmək üçün ipoteka faizlərində müəyyən güzəştlər tətbiq etmək olar”, - deyə R.Osmanlı bildirib.

Regionlarda ipoteka şərtlərinin yüngülləşdirilməsinin qiymətlərə təsirinə gəlincə isə, R.Osmanlı qeyd edib ki, bu gün Azərbaycanda verilən ipotekanın 80 faizdən çoxu Bakının payına düşür.

“Burada Abşeron və Sumqayıtı da çıxsaq, ümumi regionların təqribən 7-8 faizlik payı qalır. Bu mənada hesab etmirəm ki, regionlara ipotekada güzəşt tətbiq edilməsi əmlak qiymətlərinə təsir göstərsin. Əmlak qiymətlərinə təsir göstərməsi üçün bazar şərtləri bu prosesə uyğun olmalıdır. İndiki halda Azərbaycanda qiymət azalması üçün heç bir əsas və şərt yoxdur”, - deyə R.Osmanlı bildirib.

Xatırladaq ki, ipoteka kreditləri hər ilin əvvəlində ayrılır.

Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 47 356 ipoteka krediti verilib.

Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 833 541 141 manatdır.

Şərhlər

Elşən 2023-11-09 11:57:25

Bu ipateka ilə hər cür oyundan çıxırsız ki, xalqı cəlb edəsiniz amma faizləri aşağı salmaq barədə heç düşünmürsünüz . Necə olur ki özəl şirkətlər aşağı faizlə 6% ilə ipateka vermək sərf edir, amma dövlət büdcəsindən ayrılanı 5% ilə vermək sərf etmir heç olmasa bu barədə danışın

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol