Nurəddin İSMAYIL
Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli fərmanı ilə hər il Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.
Demokratik cümhurriyyətimizlə birgə doğulan, lakin iki il sonra bolşevik Rusiyası tərəfindən yasaq edilən üçrəngli bayrağımız ilk dəfə mərhum Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olduğu vaxtda rəsmiyyət tapdı və sonradan Azərbaycanın rəsmi Dövlət Bayrağı olaraq tanındı. 30 illik işğal dövrü bayrağımızı coğrafi ərazimizin tamamında dalğalanmasından məhrum etmişdir. 30 il idi ki, işğal altında qalan Qarabağımızda separatçı rejimin əski parçasını andıran “bayrağı” sərgilənirdi. Nəhayət, müzəffər ordumuzun düşmən üzərində parlaq qələbəsi üçrəngli bayrağımızn yenidən doğma Qarabağda ucaldılması ilə sonuclandı. İndi Qarabağın hər yeri bayrağımızla bəzənmiş himnimizin, milli marşımızn sədasına qərq olmuşdur.
Bayraq dövlətin əsas atributlarından biridir. Bayrağa sayğı hər bir vətəndaşın müqəddəs borcudur. Bu gün vətənimizn səmasında dalğalanan üç rəngli bayraq ilk cümhuriyyət qurucularının bizə ərmağan etdiyi, yadigar qoyduğu, qorunmasına, ürəklərdə yaşanmasına məsul etdiyi istiqlal nişanəmizdir. Biz bayrağımızı sevdiyimiz qədər, onu ilk dəfə dövlət atributuna çevirən, könüllərə nəqşini vuran, bayrağmızın cahanda parlaması yolunda hər cür məşəqqətlərə sinə gərən qurucu babalarımızı da sevməyə borcluyquq. Məhz “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarını dilə gətirən Rəsulzadə və onun silahdaşlarının ucaltdığı bayraqdır ki, bu gün ürəyində istiqlal döyüntüsü olan hər bir kəs onun ilk müəlliflərinin əziz xatirəsini könüllərdə yaşadırlar.
Bayrağın dəyəri onun boy ölçüsündə deyil. Könüllərdə ucalmayan, ruhumuzu oxşamayan, istiqlal məfkurəsini hər evə, hər ürəyə daşımayan bir bayraq protokol xatirinə ucaldılan bayraq olsun gərək. Hər boyasında kökümüzün-soyumuzun, dinimizin-imanımızın, istiqlal uğrunda mücadiləmizin incə çalarları əks olunan bayrağımız artıq Azərbaycanın hər bir guşəsində ucalır. Bayrağımızın vətən boyu ucaldılması, xalqımızın milli dəyərlərə, azadlıq ideallarına, bütövləşmə andına sədaqətinin təsdiqidir.
Ucalardan uca olasan, üçrəngli, ayulduzlu bayrağımız.
Göy üzünə şəfəq salan bayrağım
Parlayırsan səmalarda günəş tək,
Göy üzünə şəfəq salan bayrağım!
Dalğalanıb, çağlayırsan sellər tək,
Hər sərvətdən zəngin olan bayrağım!
Hürr yaşayan millətimin gözüsən,
Könüllərin çiçək açan sözüsən,
Hüma quşum, azadlığın özüsən,
Yaddaşlarda izi qalan bayrağım!
Müjdə verdin zülmə qalib elindən,
Qurtuldun sən əsarətin əlindən,
Öpüm bir də gül qoxuyan telindən,
Canlar verib, canlar alan bayrağım.
İmanımdır, soy nişanım, qanımdı,
Şərəfimdi, şöhrətimdi, şanımdı,
İstiqlalım, candan əziz canımdı,
Ruhumuza eşqi dolan bayrağım!
Dastan oldun haqqı sevən dillərdə,
Adın gəzər hürr yaşayan elllərdə,
Qürur duyur səni tutan əllər də,
Eldən elə gəzib dolan, bayrağım!
Zirvələrdə sənin nazlı baxışın,
Ay ulduzlu, hilal qaşlı naxışın,
Zəfər anı süngü kimi çaxışın,
Başım üstə dalğalanan bayrağım!
Daim yüksəl, xalqım səndən güc alsın,
Səf bağlasın, yağılardan öc alsın,
Sənin taxtın qoy Təbrizdə ucalsın,
Düşmən bağrı olsun talan, bayrağım.

Şərhlər