Nurəddin İSMAYIL
Ermənistanın müxtəlif beynəlxalq platformalarda Azərbaycana qarşı əsassız, böhtan xarakterli iddiaları davam edir. 10 noyabr Paris sülh konfransının panel görüşmələrində çıxış edən Nikol Paşinyan Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin guya “etnik təmizləmə”yə məruz qaldığını bir daha dilə gətirib. Adam sözün əsl mənasında manipulyatordur, faktları təhrif etməkdə, genoloji xislətinə uyğun yalan sırımaqda, siyasi riyakarlıqda, böhtan yağdırmaqda misli-bərabəri yoxdur. Başına dəyən “dəmir yumruq” onu arabir düz yola qaytarsa da, beynəlxalq havadarlarının təsir dairəsinə düşən kimi sərsəmləməyə başlayır.
Azərbaycanın apardığı son antiterror əməliyyatından sonra Qarabağda yaşayan erməni icmasının məcburi deyil, könüllü olaraq, şəxsi istəkləri ilə köç etməsi hər kəsə bəlli. Beynəlxalq müşahidə missiyasını keçirənlər gəlib öz gözləri ilə gördülər ki, bölgədə “etnik təmizləmə”nin, məcburi köç etmənin heç bir əsər-əlaməti yoxdur. Xankəndidə bir şəxsin belə, canına, malına, mülkünə xətə gəlməyib. Hər şey qoyub getdikləri vəziyyətdədir.
Azərbaycan bu başıbəlalı, separatçı rejimin girovuna çevrilmiş icmaya, vətəndaşlığımızı qəbul etdikləri halda hər cür can güvənliyi, digər vətəndaşlarımız kimi işləmək, rifah içində yaşamaq qarantisini verdi. Ancaq nə edəsən ki, etnik mozaika içərisində yaşamağa adət etməyən, irqçi xəstəliyinə tutulan, qonaq kimi gəldiyi evə, ev sahibliyi etmək istəyən bu zavallıların yersiz iddiaları gerçəkliklə uzlaşmır.
Son yüz ilin ayrı-ayrı dönəmlərində azərbaycanlıları yaşadığı tarixi ərazilərdən deportasiya edən, repressiyaya, genosidə məruz qoyan, 31 mart milli qırğınını, iyirminci əsrin Xocalı genosidini törədən sanki bunlar deyilmiş. Paşinyan, Qərbi Azərbaycan İcmasının təhlükəsiz olaraq öz dədə-baba yurdlarına dönmək istəklərini “təcavüzə hazırlıq”, “ərazi iddiası” kimi şərh edib beynəlxalq aləmdə ölkəmizin mənfi obrazını formalaşdırmaq istəyir. Maraqlıdır, 30 il ərazimizi işğalda saxlayan, onun ərazi bütövlüyünü, suvernliyini pozan təcavüzkar bir ölkə Azərbaycanı onun ərazi bütövlüyünü pozmaqda suçlayır. Daha çox ABŞ-da, Fransada və digər Qərb ölkələrində kök salan, maliyyə rıçaqlarını ələ keçirən erməni lobbisi BMT-də, Avropa Birliyinin qərarverici orqanlarında, böyük dövlətlərin cəm olduğu beynəlxalq klublarda ideoloji, təbliğati işini bir an dayandırmaq istəmir. Təşkilatlanmış, vahid mərkəzdən idarə olunan bu lobbi əvvvəllər olduğu kimi yenə də beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə qərarların qəbul etdirilməsi üçün dəridən-qabıqdan çıxır və bu yolda milyardlarla para xərcləməkdən çəkinmir.
G7 ölkələrinin Tokioda keçirilən sammitində Azərbaycanın Qarabağ iqtisadi regionundakı hazırkı durumun müzakirəyə çıxarılması, müzakirələrdə Azərbaycanın guya Ermənistanı hərbi güc yolu ilə hədələməsi, Qarabağda yaşayan ermənilərin köçə zorlanması barədə absurd bəyanatların səsləndirilməsi heç də təsadüfü məsələlər deyil.
İştirakçı dövlətlərin xarici işlər nazirləri Azərbaycanın apardığı son hərbi əməliyyatlardan sonra ermənilərin Qarabağdan köçürülməsi nəticəsində humanitar fəlakətlə üzləşdiyindən ciddi narahat olduqlarını bəyan ediblər. Müzakirələrdə Azərbaycanın apardığı antiterror əməliyyatının hansı zərurətdən irəli gəldiyi, ərazimizdə uzun illərdən bəri kök salmış qeyri-qanuni silahlı qüvvələrin hansı səbəbdən tərksilah edilməsi barədə bir kəlmə də olsun söhbət getmir. Nazirlər həmçinin Ermənistanın 30 il ərzində BMT-nin məlum qətnamələrini saya salmaması, bütün dünya dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, təcavüzkar Ermənistanın ərazi bütövlüyümüzü, suverenliyimizi kobud şəkildə pozması haqda da bir kələmə danışılmayıb. Onlar yalnız ümumi şəkildə hər iki tərəfi güc tətbiq etməməyə, suverenliyə, sərhədlərin və ərazi bütövlüyünün toxunulmazlığına hörmət etməyə və iki ölkə arasında dayanıqlı sülhün əldə edilməsinə sadiqlik göstərməyə çağırışlar etməklə kifayətlənib. Ancaq sülh sazişindən qaçan, üzərinə götürdüyü təhəddüdlərdən imtina edən, ərazi bütövlüyümüzü tanıdığını elan etdiyi halda səkkiz kəndimizi hələ də işğal altında saxlayan, dövlətlərarası ticari əlaqələrin dərinləşməsinə, sürətlənməsinə xidmət edəcək kommunikasiya xətlərinin açılmasını əngəlləyən Ermənistanın beynəlxalq hüquqa zidd hərəkətləri barədə nəinki bir kəlmə danışılmır, əksinə, onun zərərdidə obrazı yaradılır.
Bu cür böhtan xarakterli kampaniyalar bu günlərdə Fransanın təsisçisi olduğu Frankofonia təşkilatında nazirlər səviyyəsində davam etdirilsə də, Azərbaycan diplomatiyasının apardığı önləyici tədbirlər sayəsində onların arzuladığ nəticələr havadan asılı qalıb.
Antiterror əməliyyatından sonra Azərbaycanın Ermənistana verdiyi seçim vaxtı daralır. Bu ölkə ya məğlub dövlət kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməklə dayanaqlı sülh sazişinə imza atmalı, ya da revanşist hərəkətlərinin nəticəsi olaraq öz mövcudluğunu itirmək təhlüsəsi ilə üz-üzə qalmalıdır.

Şərhlər