Menu

Azərbaycanda balıq istehlakı orta dünya göstəricisindən 3 dəfə azdır – DEPUTAT

14.11.2023, 15:27
Azərbaycanda balıq istehlakı orta dünya göstəricisindən 3 dəfə azdır – DEPUTAT

“Hazırda ölkədə istehsal olunan balıq mənşəli məhsulların özünütəminetmə səviyyəsi aşağıdır və daxili tələbatı tam ödəmək üçün yetərli deyil”.

“AzPolitika.info” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Ölkədə adambaşına düşən orta illik balıq və balıq məhsulları istehlakı 2014-cü ildə təxminən 7,2 kiloqrama, 2021-cı ildə isə 7,4 kiloqrama çatıb. Dünya üzrə isə bu göstərici 20,5 kiloqram, Avropada isə 24 kiloqram təşkil edir”, - o əlavə edib.

Millət vəkilinin sözlərinə görə, son 15 il ərzində ölkədə ovlanmış və yetişdirilmiş balıq istehsalı 5 dəfəyədək artsa da, hələ də Azərbaycanda istehlak olunan balıq məhsullarının ümumi həcminin cəmi 1%-ni təşkil edir: “Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən ölkədə 2000-ci ildə 12 ədəd balıqartırma müəssisəsi olubsa, 2020-ci ildə onları sayı 7-yə düşüb, hazırda bu müəsissələrdən 3-ü aktiv fəaliyyət göstərir. İllik istehsal gücü 15 milyon olan Xıllı Nərə Balıqartırma zavodunda 2019-2022-ci illər ərzində 2 144 135 ədəd nərə cinsli balıq körpəsi yetişdirilərək su hövzələrinə buraxılmışdır ki, bu da 2002-2003-cü illərdəki müvafiq orta göstəricidən 37,3 dəfə azdır. Həmçinin, əvvəlki illərdə olduğu kimi istehsal fəaliyyəti dayandırılmış özəlləşdirməyə açıq balıqartırma zavodlarının özəlləşdirmə prosesinin gecikdirilməsi dövlət büdcəsinin xərcini artırır”.

Sadiq Qurbanov hesab edir ki, akvakultura sahəsinin beynəlxalq tələblərə uyğunlaşdırılması üçün bu sahəyə diqqət ayrılmasına, investorların cəlb edilməsi üçün şərait yaradılmasına, təsərrüfatlarda müasir və effektiv texnologiyaların tətbiqinə ehtiyac var.

“AzPolitika.info”

Şərhlər

Sadıq Qurbanov-a 2023-11-14 20:52:27

Bunun səbəbi əsassız olaraq Xəzərdə tutulan balığın satış qiymətlərinin baha olmasıdır.Kiloqramı 45-60- dollara Xəzər balığı satışına icazə verənlər,nəzarət orqanlarının göz yumması bunun əsas səbəbidir.Göl balıqları da baha qiymətə təklif olunur.Nəzarətsizlik və havayı qazanc həvəsi bu halın baş verməsinə rəvac verir.Guya Sadıq bəy bunu bilnir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol