“Mən buradan Netanyahuya səslənirəm. Sizin nüvə silahınız var, yoxsa yox? Əgər bacarırsansa açıqla. Ey İsrail, sənin nüvə silahın var və onunla hədələyirsən. Sənin sonun yaxınlaşır. Nə qədər nüvə bombasına sahib olsan da, gedəcəksən. Əxlaq və vicdan adına hər şeyini itirənlər insan deyil”.

“AzPolitika.info” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış edərkən deyib.

Ərdoğan qeyd edib ki, türk milləti bu torpaqlarda qürurlu şəkildə yaşamaq istəyirsə, güclü olmalıdır:“Siyasət, iqtisadiyyat, hərbi güclə bərabər hər sahədə güclü olmasaq, bu torpaqlarda yaşamağımıza imkan verməzlər. Zərərli dairələr hansısa formada özlərini üzə çıxarırlar. Ermənistan illər boyu torpaqlarımızda çirkin xəyallar arxasınca gedib, Qarabağ müharibəsində dərs alıb və öz yerində oturub. İndi də İsrail də analoji aldadıcı fikirlər səsləndirir. Bunların da sonu məyusluqla bitəcək”.

“Qərbin dəstəyini alan İsrail 40 gündür qırğınlarını davam etdirir. Qəsdən xəstəxanaları və məktəbləri hədəfə alan İsrail, bu gün bir şəhəri tamamilə məhv edir. İsrail dövlət terroru həyata keçirir. Mən rahatlıqla deyə bilərəm ki, İsrail terror dövlətidir. Deyirlər, “Siz HƏMAS-ı terror təşkilatı adlandırırsınız”. HƏMAS seçkilərdə qalib gələn partiyadır. Onun hüquqlarını əlindən aldılar. Kim aldı bunu? İsrail və ABŞ birlikdə aldılar. Bu gün mənim ölkəmdə də HƏMAS var. Bunun siyasi partiya olduğunu bilməyənlər belə var”,-deyə Türkiyə lideri qeyd edib.

Ərdoğan Qərbdə Qəzza məsələsinə xaçlı-hilal münaqişəsi kimi yanaşıldığını deyib:“Çoxlu ikili standartların şahidi olduq. Parisdə baş verən hadisədə 23 nəfər ölüb. Dünyanın müxtəlif ölkələrinin dövlət başçıları ora getmişdi. Həmin yürüşdə bizim bəzilərimiz də iştirak etmişik. Yaxşı, indi 13 minə yaxın insan öldü, bu prezidentlər haradadır? Buyurun, gəlin. Sizin vicdanınız, mərhəmətiniz yoxdurmu? Məsələ xaçlı-hilal məsələsidir. Onlar buna belə baxırlar”.

“Allahın izni ilə qələbə Fələstin xalqının olacaq. Bəziləri işğalçıları vətənlərini müdafiə edənlərlə eyniləşdirirlər. Biz bu münasibətin arxasında duran səbəbləri çox yaxşı bilirik. Onlar ideoloji pozğunluq üzündən həqiqəti görə bilmirlər. Təbii ki, bu prosesdə hansı mövqe tutmağınız önəmlidir. Bəzi insanlar kimi məzlumu zalımla eyniləşdirmək, zalımın bəraət qazanması deməkdir. Kiminsə narahat olması bizi HƏMAS-ın həyatlarını riskə atan müqavimət döyüşçüləri olduğunu deməkdən çəkindirə bilməz”,-deyə Ərdoğan bildirib.

"AzPolitika.info"