Menu

“Bizi parçalamağa çalışan qüvvələr çoxdur” – “Buna imkan verməməliyik” (FOTO)

15.11.2023, 19:25
“Bizi parçalamağa çalışan qüvvələr çoxdur” – “Buna imkan verməməliyik” (FOTO)

Bu gün "Four Seasons" otelində İkinci Türk Dünyası Meteorologiya Forumu keçirilib.

“AzPolitika.info” xəbər verir ki, Forumda Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Türkiyənin Ətraf mühit, Şəhərsalma və İqlim Dəyişmələri naziri Mehmet Özhaseki, Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər naziri Erlan Nısanbayev, Özbəkistandan nazir Aziz Abduhakimov və.s rəsmi qonaqlar iştirak və çıxış ediblər.

Tədbirdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov da çıxış edib. Millət vəkili bildirib ki, Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsidir. Onun sözlərinə görə, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. “2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilat böyük inkişaf yolu keçib”, - o xatırladıb.

S.Qurbanov bildirib ki, türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir: “Türk dünyası böyük bir ailədir. Türk dünyasının bütövlüyü, onun qorunması yeni siyasi gerçəklikləri şərtləndirir. Bu strategiyanın təməli hələ sovetlər birliyində türk xalqları içərisində ilk dəfə təhlükəsizlik sahəsinin generalı kimi yüksək səviyyəyə qalxmış Siyasi Büronun yeganə türk üzvü, böyük dövlət adamı Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin İkinci Dünya Müharibəsi zamanı Türkiyənin müharibəyə qoşulması təhlükəsi ilə bağlı narahatlıqlarını həyəcansız dinləmək mümkün deyil. Heydər Əliyev deyirdi: “Mən Türkiyənin dövlət adamları ilə görüşlərimdə də bu barədə dəfələrlə demişəm – çox vacib bir hal odur ki, Türkiyə dünya müharibəsinə qoşulmadı. Sovetlər Birliyi dönəmində Heydər Əliyev səlahiyyətlərindən istifadə edərək, imperiyanın türkdilli respublikalarının rəhbərlərini dəyişib, başqa millətdən qoyulmasına etiraz edirdi. Məsələn, Qazax dövlət adamı Kunayevi açıq şəkildə müdafiə edirdi. Bu cəsarət Heydər Əliyevə öz millətinə, öz kökünə olan sevginin təzahürü idi. Müstəqillik dövründə artıq türkçülük ideallarını gerçəkləşdirmək üçün gözəl imkanlar yarandı. Təbii ki, bu imkandan Azərbaycan və demək olar ki, bütün türk dünyası yararlana bildi.

Bilirsiniz, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, bir-birimizi yaxşı anlayırıq, biz eyni bir dildə danışan xalqlarıq. Bizim milli ənənələrimiz bir-birinə oxşayır, çox yaxındır. Bütün bunlar xalqlarımızı bütün sahələrdə bir-birinə bağlayıb, bir-birimizlə daha sıx əlaqə qurmağımıza kömək edib. Müstəqil dövlətlər olduqdan sonra biz tarixi ənənələr əsasında, fundamental əsaslar üzərində daha da irəliyə getdik, inkişaf etməyi bacardıq. Amma, zamanında bizə əngəl olmağa çox çalışdılar. Məsələn, 1926-ci ildə 26 fevral-6 mart arasında Bakı şəhərində Birinci Türkoloji Qurultayı keçirildi. Latın qrafikalı əlifbaya keçidin təməli qoyuldu. Amma sonradan o qurultayda iştirak edən 100-dən artıq alim pantürkist adı altında öldürüldü və ya təzyiqlərə məruz qoyuldu”.

Millət vəkili vurğulayıb ki, türk dünyasının beynəlxalq nüfuzunun daha da gücləndirilməsinə çalışmaq və beynəlxalq birlik qarşısında ümumi mövqe nümayiş etdirmək bu gün ən vacib məsələdir. “Bizi parçalamağa çalışan qüvvələr çoxdur. Biz buna imkan verməməliyik. Şükürlər olsun ki, bu gün türk dünyası bir qüvvə kimi formalaşa bilib. Bu birliyimiz bəzi ölkələri qorxuya salıb. Xüsusən də Azərbaycanın 44 günlük müharibədə qazandığı möhtəşəm zəfərdən sonra”, - komitə sədri qeyd edib.

Sadiq Qurbanovun sözlərinə görə, türk dünyasının birliyinin möhkəmlənməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın simasında yeni inkişaf mərhələsinə keçib: “Bütün sahələrdə - diplomatiya, siyasi, iqtisadi hərbi sahələrdə çoxsaylı müqavilələr, Şuşa Bəyannaməsi ilə müttəfiqlik daha möhkəm tellərlə bir-birinə bağlandı. Təbii ki, bütün qardaşlarımızla milli maraqları nəzərə alaraq hər zaman qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Cənab Prezidentimiz İlham Əliyevin sözü ilə desək, siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.

Millət vəkili deyib ki, bu gün keçirilən Forum bu istiqamətdə atılan ən mühüm addımlardan biridir. “Alqışlayıram və xeyirli-uğurlu olsun deyirəm. İnanıram ki, burada qəbul ediləcək qərarlar türk dünyasının inkişafına xidmət edəcək və liderlərimizin başlatdığı işi daha da möhkəmləndirəcək”, - Sadiq Qurbanov vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol