Rusiya energetika nazirinin keçmiş müavini, müxalif siyasətçi Vladimir Milov Rusiya ordusu haqqında yalan xəbərlər yaymaqda ittiham edilərək qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edilib.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, qərar Moskvanın Basmannı rayon məhkəməsinin hakimi Yevgeniya Nikolaeva tərəfindən qəbul edilib.
Bir gün əvvəl məhkəmə prosesi zamanı prokuror onun qiyabi şərikinə 9 il həbs cəzası verilməsini istəyib.
İttihamın səbəbi siyasətçinin 2022-ci ilin martında Milovun “Navalny Live” YouTube kanalında “Putinin müharibə cinayətləri” adlı üç saatlıq yayımı olub. Verlişdə Ukraynada dinc sakinlərin rus hərbçiləri tərəfindən öldürülməsindən bəhs olunub.
Müzakirələr zamanı prokuror deyib ki, Milov öz videosunda Rusiya ordusu haqda yalan fikir yaradıb. İttiham tərəfinin fikrincə, Milov Rusiyanın hakimiyyətinə və siyasi institutlara nifrət edir. Bunu sübut etmək üçün oktyabrın 20-də keçirilən iclasda prokurorluğun nümayəndəsi Milovun çıxışlarını əks etdirən videoların adlarını hakimə oxuyub: “Putini dəstəkləyənləri nə gözləyir?”, “Ayıbı necə yumaq olar”, “Rusiya müharibəyə qarşı” və “Putini mişarla kəsərdim” və s. Prokuror Vladimir Milovun Rusiyada etiraz aksiyalarında iştirak etdiyini və buna görə saxlanıldığını da vurğulayıb.
Milov 2021-ci ildə Rusiyanı tərk edib. Ona qarşı cinayət iş 2022-ci ilin yayında açılıb.
Həmin ilin mayında Rusiya Ədliyyə Nazirliyi siyasətçini xarici agentlər adlandırılan şəxslərin reyestrinə daxil edib.
“AzPolitika.info”


Şərhlər