Məlum olduğu kimi, noyabrın 15-də Çin lideri Sİ Cinpin ABŞ-a səfər edib və burada ABŞ Prezidenti Co Baydenlə görüşüb. Bütün dünyanın diqqətlə izlədiyi bu görüş bir sıra maraqlı anlarla yadda qalıb.

“AzPolitika.info” xəbər verir ki, belə maraqlı anlardan biri də Baydenin Çin liderini “diktator” adlandırmasına ABŞ dövlət katibi Entoni Blinkenin verdiyi reaksiya olub.

Xatırladaq ki, Çin lideri ilə danışıqlardan bir neçə saat sonra ABŞ Prezidenti Co Bayden əvvəlki ritorikasına qayıdıb. Belə ki, “CNN” müxbiri Baydendən Cinpini əvvəlki kimi diktator adlandırıb-adlandırmayacağını soruşub. Cavabında Bayden deyib: “Qulaq asın, bu ki həqiqətən belədir. O, kommunist olan ölkəni idarə edən bir şəxs olması mənasında diktatordur”.


ABŞ prezidentinin “diktator” ifadəsini işlətdiyi zaman dövlət katibi Blinkenin üzündəki ifadə kameraların diqqət mərkəzinə düşüb. Blinken sualı eşidən zaman gərgin şəkildə Baydenin cavabını gözləyib. Baydenin “diktator” sözündən sonra isə Blinkenin qəzəbləndiyi görünüb.

ABŞ mətbuatı sözügedən hadisəni şərh edərkən bildirib ki, “bu reaksiya dövlət katibinin Baydenin səhvlərinə dözümsüzlüyünün azaldığının göstəricisidir”.

Qeyd edək ki, Baydenin Cinpini “diktator” adlandırmasına Çindən də reaksiya gəlib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Pekində keçirilən gündəlik mətbuat konfransında bunları deyib: “Burada qeyd etmək lazımdır ki, Çin-ABŞ münasibətlərinə xələl gətirməyə çalışan pis niyyətli insanlar həmişə olub və olacaq. Lakin onlar buna nail olmayacaqlar”.

Çin mətbuatı isə Baydenin Cinpini “diktator” kimi təqdim etməsini “absurd və məsuliyyətsiz” adlandırıb.

“AzPolitika.info”