Azərbaycan Milli Elmlər Akademiyasında dünyanın ən nüfuzlu mükafatı - Nobel mükafatı ilə bağlı maraqlı tədbir keçirilib.
"AzPolitika.info" xəbər verir ki, bu barədə millət vəkili, tədbirin məruzəçilərindən biri Etibar Əliyev "Facebook" səhifəsindən paylaşım edib.
"Məruzəmdə Prezident İlham Əliyevin Nobel Sülh mükafatına layiq olduğunu, bu sahədə təcrübələr və namizədliyin verilməsinin qaydaları, “Nobel mükafatı laureatları” Ensiklopediyasının hazırlanması, elmi populyarlaşdıran Nobel mükafatı laureatlarının kitablarının tərcüməsinin təşkil olunması və ənənəvi olaraq hər il bu mövzuda konfransın təşkil olunmasının zəruriliyi barədə danışdım. Dəvətə və məruzəyə şərait yaratdığına görə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə təşəkkürümü bildirirəm", - deyə deputat qeyd edib.
Etibar Əliyev daha sonra təkliflərini səsləndirib:
- Çağımızın Nobel Sülh mükafatına ən layiqli namizədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Son onilliklərə baxsaq, ədalət naminə deyə bilərik ki, bütün dünyada onun Sülhə və hərbi münaqişələrin yoluna qoyulması işində verdiyi töhfələr əvəzsizdir. Namizədliyi irəli sürən nüfuzlu şəxslər və dünyanın aparıcı institutları belə bir təklifi dəstəkləməlidirlər.
-Uşaqların erkən yaşlarından istedadlarını aşkara çıxarmalı və onları elmə həvəsləndirmək lazımdır. Saysız-hesabsız nümunələr var. “Elm uşaqlıqdan mənim qanımda bulaq kimi qaynayır.” Bu fikir böyük fizik, Nobel mükafatı laureatı Riçard Feynmana məxsusdur.
-Elm sahələrində bütün Nobel mükafatçıları həm də elmin populyarlaşdırılması istiqamətində əsərlər yazıblar. Belə əsərlərin sayı 10-larladır. Ötən əsrin 90-cı illərindən Nobel kitabxanası yaratmışam. Dəstəyə hazıram. Bu kitabların bir neçəsini tərcümə etmək olduqca vacib işdir.
-Konfransda tərcüməsi vacib olan bir neçə əsərin adını çəkdim. Orta məktəblərin yuxarı siniflərində elmin tarixi mövzusunda məşğələlər aparmaq vacib işlərdən biridir. Ali məktəblərin magistratura pilləsində “Elmin fəlsəfəsi” fənni tədris olunmalıdr.
-“Nobel mükafatı laureatları” Ensiklopediyasının hazırlanmasını təklif etdim. Bu işin öhdəsindən gələ biləcək alimlərin olduğunu nəzərə alaraq bu təklifi verdim. Bunun üçün topladığım olduqca maraqlı materialları təqdim etməyə hazıram.
-Yeganə yolumuz istedadlı gənclərimizin elmi tədqiqatlarla məşğul olmalarını stimullaşdırmaq olmalıdır. Yaşlı nəslin özü etiraf edir ki, onlar elmi məktəblər yarada bilməyiblər. Fizika üzrə Nobel mükafatı laureatı Əbdüs Salam 300-dən çox fizik və riyaziyyatçı yetişdirib. Elmi məktəblərimiz yoxdur deyən və 20 il ölkənin ən yaşlı universitetinə rəhbərlik edən şəxs isə Şadlıq sarayları, istirahət mərkəzləri və maşın kolleksiyası işi ilə məşğul olub.
- Dünyanın aparıcı jurnallarında çap olunmuş məqalələrin müzakirəsi keçirilməlidir. Bu iş elmi yeniliklər ilə tanışlıq üçün olduqca vacibdir. Elmi yükü böyük olan jurnalın təsis olunması vacib işlərdən biri ola bilər.
"AzPolitika.info"





Şərhlər