Noyabrın 17-də BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya”nın tətbiqi ilə bağlı iş üzrə Ermənistanın Azərbaycana qarşı iddiasına baxıb. Qərarda deyilir ki, Azərbaycan Qarabağdakı bütün insanların, o cümlədən ermənilərin təhlükəsizliyini təmin etməlidir.
Qeyd olunur ki, Azərbaycan 19 sentyabrdan sonra "Qarabağda qalan və ya ora qayıdan və qalmaq istəyənlərə" qarşı zor və zor hədəsindən istifadə olunmayacağına zəmanət verməlidir.
Hökmdə bildirilir ki, Azərbaycan Qarabağı tərk edənlərin tez, təhlükəsiz və maneəsiz bir şəkildə ora qayıtmasını və ya 19 sentyabrdan sonra Qarabağı tərk edən və ora qayıtmaq, habelə regionda qalan, amma getmək istəyənlərin təhlükəsiliyini təmin etməlidir.
Hökm Azərbaycanın üzərinə habelə irqi diskriminasiyanın bütün formalarının ləğvinə dair beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq regiondakı bütün şəxslərin qeydiyyat məlumatlarının və sənədlərinin saxlanması öhdəliyi qoyub.
Xatırladaq ki, Ermənistan sözügedən Konvensiya üzrə Azərbaycana qarşı məhkəmə iddiasını 16 sentyabr 2021-ci ildə qaldırmışdı. İddiada Azərbaycan ermənilərə qarşı "onilliklərlə davam edən irqi diskriminasiyada" ittiham edilirdi. Azərbaycan bundan bir həftə sonra Ermənistana qarşı eyni iddialarla BMT məhkəməsinə müraciət etmişdi.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Məhkəmənin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edən qərarını alqışlayırlar: “Diqqətəlayiq haldır ki, Məhkəmə Azərbaycanın bütün hərbi və hüquq-mühafizə orqanlarının şəxsi heyətinin Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız və gülünc tələbi də rədd edib”.
Açıqlamaya görə, məhkəmənin qeyd etdiyi tədbirlər Azərbaycan hökumətinin Qarabağın erməni sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasətini qəbul edir: “Bu, milli və ya etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və mühafizəsini təmin etmək barədə öhdəliyimizi əhatə edir”.
XİN vurğulayıb ki, Azərbaycan heç vaxt erməni sakinlərini Qarabağdan çıxarmayıb, regionu tərk etməmək barədə çağırışlara baxmayaraq, Ermənistana və digər ölkələrə köçmək onların qərarı olub: “Azərbaycan Konstitusiyasına və müvafiq beynəlxalq öhdəliklərinə uyğun olaraq, Qarabağın erməni sakinlərinin insan hüquqlarını Azərbaycanın digər vətəndaşları ilə bərabər əsasda müdafiə etməyə sadiqdir”.
Açıqlamada iddia edilir ki, məhkəmə “Ermənistanın hərbi təcavüz, separatizmi qızışdırmaq, terror aktları və s. ittihamlarla saxlanılan separatçı rejimlə əlaqəsi olan şəxslərlə bağlı Azərbaycanın istintaq tədbirlərinə” dair Ermənistanın iddiasını eyni şəkildə təmin etməyib.

Qərarı şərh edən hüquqşünas Polad Mehdiyev bildirib ki, Məhkəmə Ermənistanın Azərbaycana qarşı 10 iddiasından 7-sini rədd edib. “Məhkəmə öz qərarında Azərbaycanın Qarabağ üzərində suverenliyini və ərazi bütövlüyünü təsdiqləyib, Azərbaycanın hərbi və hüquq-mühafizə orqanlarının Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız və gülünc tələbini rədd edib. Həmçinin qərara əsasən Azərbaycan hökumətinin Qarabağın erməni sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasəti qəbul edilib. Bu, milli və ya etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və mühafizəsini təmin etmək barədə Azərbaycanın öhdəliyini əhatə edir”, - o əlavə edib.
P.Mehdiyev daha sonra Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın rədd etdiyi ddialarını sadalayıb:
- Ermənistanın Azərbaycanın CERD üzrə öhdəliklərinin pozulmasına gətirib çıxara biləcək hər hansı tədbir görməkdən çəkinməsi tələbi rədd edilib;
- Ermənistanın Azərbaycanın BMT-nin Qarabağdakı ermənilərə girişini asanlaşdırmağa və buna hər hansı maneə törətməkdən çəkinməsinə dair tələbi rədd edib;
- Ermənistanın Azərbaycanın BQXK-nın Qarabağdakı ermənilərə humanitar yardım göstərmək imkanını asanlaşdırmaq və ona hər hansı maneə törətməkdən çəkinmək tələbi rədd edilib;
- Ermənistanın Azərbaycanın Qarabağda kommunal xidmətlərin, o cümlədən qaz və elektrik enerjisinin tam bərpasına köməklik göstərməsi tələbi rədd edib;
- Ermənistanın Azərbaycanın Qarabağda mövcud olan bəzi abidələri və ya mədəni artefaktları və ya obyektləri dəyişdirməməsi və ya məhv etməməsi barədə tələbi rədd edib;
- Məhkəmə Azərbaycanın Qarabağ bölgəsindəki suveren hüquqlarına hörmətlə yanaşır və Ermənistanın bütün hərbi və hüquq-mühafizə orqanlarının əməkdaşlarını beynəlxalq səviyyədə tanınmış ərazimizdən çıxarmağımız və ya qüvvədə olan qanunvericiliyə əsasən, onlarla əlaqəli bəzi şəxsləri məsuliyyətə cəlb etməməyimizlə bağlı tələbini rədd edib”.
Hüquqşünas sonda vurğulayıb ki, Qarabağ bölgəsinin erməni sakinləri Azərbaycan vətəndaşlarıdır və onların insan hüquqları bərabər əsaslarla qorunur və təmin edilir.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər