Kamal CƏFƏROV, millət vəkili
Azərbaycan Qarabağ problemini həll etməklə Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Sülh və praktiki əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Qlobal səviyyədə bu reallıqları dəstəkləyənlər də var, qlobal maraqlarını regionda sülhdən və praktiki əməkdaşlıqdan üstün tutuanlar da var.
ABŞ-ın Cənubi Qafqaz regionu ilə bağlı maraqları isə sülhə və əməkdaşlığa xidmət etmir. ABŞ Rusiya-Ukrayna müharibəsindən istifadə edərək Ermənistan vasitəsilə regiona daxil olmaq istəyir. Onların bu niyyətinin qarşısını isə regionun real güc və söz sahibi Azərbaycan – Türkiyə birliyi alır. Məhz buna görə ABŞ Konqresi 907-ci düzəlişi ləğv edən qanun qəbul etdi.
907-ci düzəliş nədir? Təsəvvür edin, işğalçı dövlət Ermənistan, işğala məruz qalan dövlət Azərbaycandır. 1992-ci ildə ABŞ isə işğala qarşı mübarizə aparmaq üçün Azərbaycana hərbi yardımı qadağan edən 907-ci düzəliş qəbul edir.
Sonra 2001-ci ildəki terror hadisəsindən sonra ABŞ Konqresi öz geosiyasi maraqlarına görə Prezidentə 907-ci düzəlişin hüquqi qüvvəsini müvəqqəti dayandırmaq imkanı verən qanun qəbul edir. ABŞ Konqresi bir həftə əvvəl bu imkanı ümummiyyətlə ləğv edən qanun qəbul etdi.
Burada digər bir məqam var. İndi biz görürük ki, ABŞ Prezidenti Co Bayden qocalıb, sağını-solunu görmür. Ancaq Dövlət Departamentindən bir nəfər Baydeni başa sala bilmir ki, ABŞ-ın hərbi yardımına Azərbaycanın ehtiyacı yoxdur? ABŞ-ın hərbi yardımının ortalama miqdarı Azərbaycanın 2024-cü il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik üçün ayırdığı vəsaitinin 1 faizini təşkil edir. Görünür, bu addımı həm də qarşıdan gələn prezident seçkiləri üçün PR məqsədilə edirlər.
ABŞ dövlət katibinin köməkçisi Ceyms O Braynın məsuliyyətsiz bəyanatları da beynəlxalq hüquq normalarına ziddir. Naxçıvana İran vasitəsilə nəqliyyat xəttinin çəkilməsi Azərbaycanın daxili işidir, suveren hüququdur. Bu məsələ ilə bağlı hər hansı şərh regional kommunikasiyaların açılmasına zərbədir.
Ceyms O Brayn daha sonra deyir ki, 2025-ci ildə Qarabağ bölgəsini tərk edəcək rus sülhməramlılara əvəz tapmağın vaxtıdır. Bu cür məsuliyyətsiz açıqlama yenə Azərbaycanın daxili işinə qarışmaq cəhdidir.
Nəyi, necə, nə vaxt etmək lazımdır, Azərbaycan Prezidenti İlham Əliyev bilir və edir. Bu cür bəyanatlar və birtərəfli yanaşma ABŞ-ın vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər.
ABŞ eyni zamanda USAİD və NED vasitəsilə Azərbaycanda hesabatlılığı və şəffaflığı olmayan, vətənini, dövlətini, millətini sevməyən bir neçə qondarma hüquq müdafiəçisini və bloggeri maliyyələşdirməklə ölkəmizdəki demokratik dəyərlərə, media azadlığına, milli-mənəvi dəyərlərə, Qarabağda və Şərqi Zəngəzurda gedən böyük quruculuq işlərinə qarşı misli görünməmiş kampaniya aparır.
Sadəcə elə bilirlər ki, ya 90-ci illərdir, ya da sosial şəbəkələrdə aşağılayıcı və nifrət yayan xəbərlərə 100 dollar reklam qoymaqla nəyəsə nail olacaqlar.
Heç nəyə nail ola bilməyəcəksiniz!
Azərbaycan Prezidentinin daxili və xarici siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır, milli maraqlar dayanır. Biz heç vaxt milli maraqlarımızı supergüclərin qlobal maraqlarına qurban verməyəcəyik.
Cənab Prezident İlham Əliyev ətrafında sıx birləşən müasir Azərbaycan gənci hər şeyi yaxşı görür və başa düşür. Bu gənclik müstəqil Azərbaycan üçün, ərazi bütövlüyü üçün, suverenleyin bərpası üçün canından keçib.
Biz bu prinsipal xətlə getməyə davam edəcəyik.

Şərhlər