Menu

Trampın İrana zərbə planı: Bütün Yaxın Şərq alova bürünə bilər

22.10.2026, 18:23
Trampın İrana zərbə planı: Bütün Yaxın Şərq alova bürünə bilər

ABŞ Prezidenti Donald Trampın Konqresə aralıq seçkilərindən qısa müddət sonra İrana güclü zərbə endirilməsi barədə əmr verəcəyi ehtimal olunur. Bunu rusiyalı politoloq Sergey Markov deyib.

Cavab olaraq isə, İranın ABŞ hərbi bazalarının yerləşdiyi ölkələrə, BƏƏ, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı və İordaniyaya daha güclü zərbələr endirəcəyi deyilir.

Bəs bu ehtimal nə dərəcədə realdır? Seçkidən sonra böyük müharibə baş verə bilərmi? Bu halda dünyanı nələr gözləyəcək?

Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatları və regionda qüvvələrinin sayını artırması Yaxın Şərqdə gərginliyin daha da yüksəlməsi riskini yaradır:

"Mövcud vəziyyət göstərir ki, tərəflər mümkün qarşıdurmaya hazırlaşır və hərbi tədbirləri genişləndirirlər. ABŞ-ın hərbi donanmasının əlavə qüvvələrinin regiona gətirilməsi, hərbi aktivliyin artırılması və İran ətrafında baş verən proseslər Vaşinqtonun Tehrana qarşı növbəti addımları ilə bağlı suallar doğurur. ABŞ Prezidenti Donald Trampın İranla bağlı mövqeyi və mümkün qərarları da diqqət mərkəzindədir. İranın cavab tədbirləri isə münaqişənin daha geniş əraziyə yayılması ehtimalını artırır. Belə bir vəziyyətdə təkcə İran deyil, Fars körfəzi ölkələri də ciddi təhlükələrlə üzləşə bilər. Xüsusilə, regionda yerləşən ABŞ hərbi bazalarının və hərbi infrastrukturunun hədəfə alınması ehtimalı qarşıdurmanın miqyasını genişləndirəcək".

Politoloqun sözlərinə görə, bununla yanaşı, İranın Fars körfəzində gəmiçilik və beynəlxalq nəqliyyat marşrutlarına təsir göstərəcək addımlar atması da istisna edilmir:

"Bu, qlobal enerji bazarına, beynəlxalq ticarətə və dünya iqtisadiyyatına ciddi təsir göstərə bilər. Müharibənin başlanması yalnız region ölkələri üçün deyil, bütövlükdə dünyaya ağır nəticələr doğuracaq. Enerji daşıyıcılarının qiymətlərində artım, tədarük zəncirlərində problemlər və beynəlxalq ticarətin zəifləməsinin qlobal iqtisadiyyata mənfi təsir göstərməsi mümkündür. Xüsusilə, Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılması və ya nəqliyyatın dayanması dünya bazarlarında ciddi böhran yaradır. Bu səbəbdən tərəflərin atacağı addımların nəticələri yalnız hərbi sahə ilə məhdudlaşmayacaq, iqtisadi və siyasi müstəvidə də özünü göstərəcək".

Günəş Fərəh

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol