Qərbdə Ukraynanın Rusiya ilə danışıqlara razılıq verməsi üçün təzyiqlər artsa da, Rusiyanın özünün danışıqlara meylli olduğunu göstətən hər hansı ciddi əlamət müşahidə olunmur.
“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Skopyedə keçirdiyi mətbuat konfransında Vladimir Putinin real sülh danışıqlarına başlamaq istəmədiyini bildirib. Stoltenberq deyib ki, Vladimir Putinin danışıqlara başlamaq və hərbi əməliyyatları dayandırmaq istədiyinə dair heç bir siqnal yoxdur.
Onun sözlərinə görə, NATO müttəfiqləri Ukraynaya hərbi yardım göstərməyə davam etməlidir: “Döyüş meydanındakı vəziyyətin mürəkkəbliyini nəzərə alsaq, bu məsələ bu gün daha vacibdir”.
Stoltenberqin fikrincə, Putinin Ukraynaya qarşı müharibəyə başlamasının səbəblərindən biri onun Ukraynanın NATO-ya üzv olmasını istəməməsilə əlaqədar olub: “O, daha çox istəyirdi ki, NATO genişlənməmək və bütün qüvvələrini alyansın şərq hissəsindən çıxarmaq üçün zəmanət versin. Lakin Putin bunun tam əksini - Alyansın şərq hissəsində daha çox NATO mövcudluğunu və Finlandiya və İsveç kimi iki yeni üzvünü əldə etdi. Ona görə də bu, Prezident Putin üçün böyük strateji məğlubiyyətdir. Bu, bir daha onu göstərir ki, Ukraynaya müdaxilə onun(Putinin-red.) böyük səhvi olub”.
Stoltenberq vurğulayıb ki, NATO hazırda Rusiyadan heç bir NATO üzvü üçün ani təhlükə görmür, lakin buna baxmayaraq, alyans sayıqlığını saxlayır və Kremlin bütün hərəkətlərini yaxından izləməkdə davam edir.
NATO xüsusilə də Qərbi Balkanlar regionunda hərbi mövcudluğunu artırıb, Sarayevoda Baş Qərargahını və Belqradda Əlaqə Bürosunu yaradıb. Stoltenberq əlavə edib ki, lazım gələrsə, alyans istənilən müttəfiqinin müdafiəsi üçün öz qüvvələrini tez bir zamanda gücləndirməyə hazırdır.
“AzPolitika.info”


Şərhlər