Güclü fırtına səbəbdindən Rusiya tərəfindən işğal edilmiş Sevastopoldakı Akvarium Muzeyində 800-ə yaxın heyvan tələf olub.
“AzPolitka.info” xəbər verir ki, bu barədə muzeyin direktoru Yuri Kravtsov məlumat verib.
"Doqquz akvariumda yaşayan səkkiz yüzə yaxın heyvanın hamısı öldü. Bütün avadanlıqlar, nasoslar, ventilyasiya sistemi sıradan çıxdı, binaya böyük ziyan dəyib", - Kravtsov bildirib.
Qeyd olunur ki, Krım və Sevastopolda tufan xəbərdarlığı qüvvədədir: küləyin sürəti saniyədə qırx metrə çatır. Krımda fövqəladə vəziyyət rejimi tətbiq edilib. Bazar ertəsi regionlarda istirahət günü elan edilib. Günortadan sonra daha yaxşı hava şəraiti gözlənilir.
Son məlumatlara görə, dalğalara baxmağa çıxan bir Krım sakini fəlakət nəticəsində ölüb, ən azı on nəfər yaralanıb. Yarımadanın 500 minə yaxın sakini işıqsız qalıb.
Krım Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Yevpatoriyada su basmış evlərdən iki yüzdən çox insan təxliyə edilib və onlar üçün beş müvəqqəti yerləşdirmə mərkəzi təşkil edilib. Marşrutların bir neçə hissəsi də bağlanıb, trolleybuslar işləmir.
Odessa vilayətində pis hava şəraiti ilə əlaqədar on rayonda 400-ə yaxın yaşayış məntəqəsi ilə əlaqə kəsilib. Qasırğa Rusiyanın Qara dəniz sahillərini də vurub,insanlar yıxılan ağacların və metal konstruksiyaların qurbanları olub, hava limanları bir neçə reys qəbul edə bilməyib, 50-yə yaxın qatar gecikib, Beliz bayrağı altında üzən “Blue Shark” yük gəmisi quruya çıxıb.
Qara dənizdən gələn güclü siklon Moskvaya qar yağdırıb. Rusiyanın Hidrometeorologiya Mərkəzi bunu noyabrın sonunda baş vermiş ən güclü yağıntılardan biri adlandırıb.
Moskva vilayətində qar son qırx ilin ən güclü yağıntısı olub. Gün ərzində aylıq yağıntının təxminən 35%-i Moskvaya, təxminən 56%-i isə Moskva vilayətinə düşüb.
“AzPolitika.info”


Şərhlər