Məlum olduğu kimi, oktyabrın 7-də başlayan İsrail-HƏMAS qarşıdurmasının son mərhələsi artıq başlayıb. Bir aydan artıq davam edən müharibənin yekununda müvəqqəti atəşkəs əldə olunub. İndi qarşılıqlı müzakirələr, humanitar problemlərin həlli, girov mübadiləsi kimi məsələlər gündəmdədir. Ancaq prosesin tam yekunlaşmadığı, İsrail ilə HƏMAS arasında yaşanan problemin həll olunmadığı bir vaxtda Qərbdəki dairələr yeni bir kampaniya başladıblar. Hədəfdə isə hər zaman olduğu kimi, bu dəfə də qardaş ölkə Türkiyə var. Bir müddətdir Qərb mətbuatında Türkiyənin İsrail-HƏMAS məsələsində kənarda qaldığı, proseslərə daxil olmaq cəhdlərinin bir nəticə vermədiyinə dair saxta xəbərlər tirajlanır. Bu dairələrin yeganə məqsədi Türkiyənin İsrail-HƏMAS problemində göstərdiyi səyləri heçə sayaraq, Ankaranın Yaxın Şərqdəki imicinə kölgə salmaqdan ibarətdir.
“AzPolitika.info” xəbər verir ki, Türkiyənin “Sabah” nəşrində yayımlanan Okan Müdderrisoğlu imzalı köşə yazısında bu məsələyə toxunulub.
Həmin məqalənin tərcüməsini təqdim edirik: “Prezident Rəcəb Tayyib Ərdoğanın Fələstin probleminin həlli və Qəzzadakı günahsızların gələcəyi naminə sərgilədiyi prinsipial mövqe Yaxın Şərqdə tarixi dəyişikliyiə səbəb olacaq səviyyədə kritik bir önəm qazandı. Ankara girovların dəyişdirilməsi, humanitar dəhlizlərin açılması, mülki şəxslərə tibbi və əsas yardım vasitələrinin çatdırılması istiqamətində mühüm rol oynayır. Ancaq Türkiyənin əsas məqsədi bölgədə qalıcı atəşkəs yaratmaq və iki dövlətli həllə nail olmaqdır. Ankara bu səbəbdən proseslərdə ön plana çıxmamağa diqqət yetirir.
Türkiyə prosesin içindəki digər ölkələrə “Uğur sizə yazılsın” mesajı verərək, İsrail-HƏMAS məsələsində orta və uzunmüddətli bir strategiya planladığını göstərir. Bu gün prosesin idarə olunmasında ABŞ, Misir və Qətər kimi ölkələrin ön plana çıxdığı görünə bilər.
Lakin unutmamalıyıq ki, Türkiyə olmasaydı, qadınların və uşaqların, xüsusən də üçüncü ölkə vətəndaşlarının girov mübadiləsi bu qədər həssas və effektiv şəkildə yekunlaşa bilməzdi.
Türkiyə niyə belə bir strategiya ilə çıxış edir?
Çünki Türkiyənin illərdir qoruduğu və müdafiə etdiyi fundamental dəyərlər, humanitar prinsiplər və nəticə verən bir diplomatiyası var. Diqqət edirsinizsə, son zamanlar HƏMAS-ın Türkiyədə olması ilə bağlı müzakirə predimeti yaratmaq, daha dəqiq desək, Türkiyəyə qarşı qlobal bir əməliyyat keçirmək cəhdləri var. Xatırlatmaq istərdim ki, Ankaranın HƏMAS-la əlaqələrində heç bir dəyişiklik yoxdur. Türkiyə dünən olduğu kimi bu gün də HƏMAS-ın siyasi qanadı ilə danışıqlar aparır. Eyni zamanda HƏMAS-a Türkiyə Cümhuriyyəti sərhədləri daxilində hərbi və ya maliyyə fəaliyyətləri həyata keçirməyə heç vaxt icazə vermir. Türkiyə HƏMAS-ın fələstinliləri təmsil etməsini və seçki nəticəsində hakimiyyətə gəlməsini istəyir.

Lakin həm ABŞ, həm də İsrail HƏMAS-ı məhv etmək ritorikası ilə problemi tədricən dərinləşdirməyə çalışır. Onlar region ölkələrinin HƏMAS-ın siyasi qanadı ilə dialoqa girməsini belə istəmirlər. Təbii ki, HƏMAS-ı marginallaşdırıb, belə demək mümkünsə, İranın qucağına atmaq istəyirlər. Halbuki Türkiyə HƏMAS-ın siyasi qanadının güclənməsi, hərbsizləşdirilməsi üçün dialoq qura biləcək ideal ölkədir.
Gəlin bütün bu izahların son mərhələsinə keçək...
ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müşaviri B. Nelsonun Türkiyəyə gəlməsi gözlənilir. Bu açıqlamadan bir qədər əvvəl “Economist” nəşrində Türkiyə daxilindən logistik dəstək verən bir məqalə dərc olundu. HƏMAS-ın maliyyələşdirməsi ilə Türkiyə arasında məcburi əlaqə yaratmağa cəhd edən və ya ən azı ona işarə edən bu məqalə özlüyündə sual işarələri yaradır.
Türkiyənin humanitar, mənəvi və diplomatik üstünlüyünə zərbə vurmaq və onu şübhə altına salmaq məqsədi daşıyan bu cür fəaliyyətlər ayrıca dəyərləndirilməyə layiqdir. HƏMAS-ın adından kriptovalyuta birjasında vəsait idarə etdiyi iddia edilən bəzi insanların və təşkilatların Türkiyə ilə əlaqəli olmasını istəmək və rəsmi müdafiə olmadan hərəkət edə bilməyəcəklərini eyham etmək çirkin bir hiylədir!
“AzPolitika.info”


Şərhlər