Menu

Rusiya Ermənistana qarşı iqtisadi təzyiqə başladı – “Rosselxoznadzor” idxala qadağalar qoyur

29.11.2023, 17:16
Rusiya Ermənistana qarşı iqtisadi təzyiqə başladı – “Rosselxoznadzor” idxala qadağalar qoyur

Rusiya-Ermənistan münasibətlərinin günü-gündən kəskinləşdiyi dövrdə “Rosselxoznadzor” İrəvana rəsmi məktub göndərərək, yoluxmuş məhsulların Rusiyaya daşınmasının qarşısını almaq üçün dərhal kompleks tədbirlər görməyi xahiş edib. Məktubda qeyd olunur ki, Ermənistandan zərərvericilərlə yoluxmuş bitkiçilik məhsullarının tədarükü kəskin artıb. Xidmətin məlumatına görə, bu il erməni gül və meyvə-tərəvəzində 72 halda zərərvericilər aşkar edilib.

“Eyni zamanda, noyabr ayında qanun pozuntularının kəskin artması qeydə alınıb: təkcə noyabrın 24-dən 26-dək yoluxmuş gül, xiyar, quru meyvə, üzüm, gül kələm, pomidor, bibər, badımcan, almanın Rusiyaya idxalı ilə bağlı 36 fakt qeydə alınıb”, - məlumatda deyilir.

“Bundan başqa, noyabr ayında pomidor, çiyələk, alma və üzümdə pestisid qalıqlarının icazə verilən maksimum həddən artıq 5 fakt aşkar edilib ki, bu da erməni istehsalçıları tərəfindən pestisidlərdən istifadə qaydalarının pozduğunu göstərə bilər”, hesabatda qeyd olunur.

Xatırladaq ki, Ermənistandan Rusiyaya kənd təsərrüfatı məhsulları və digər mallar ixrac və idxal edən yük maşınları günlərlə Lars keçid məntəqəsində gözləyir. Rəsmilər avtomobillərin ölkəyə giriş probleminin Ermənistan-Rusiya münasibətlərinin gərgin olması ilə bağlı ola biləcəyini istisna etməyiblər.

Ermənistanın İqtisadiyyat naziri Vahan Kerobyan "Rosselxoznadzor"un bəyanatını şərh edərkən bildirib ki, bu həftə rusiyalı tərəfdaşlarla müzakirəyə başlayıblar.

“İqtisadiyyat Nazirliyi və Avrasiya İqtisadi Komissiyasının tərəfdaşları, daxili bazarın mühafizəsi naziri cənab Simonyan və digər tərəfdaşlar müzakirəyə başlayıblar. Burada biz rusiyalı tərəfdaşlarımızla prtoblemin nədən ibarət olduğunu anlamağa çalışacağıq. Statistikada belə bir dəyişiklikə səbəb olan məsələ yeni tənzimləmələrdir”, - Kerobyan bildirib.

İqtisadiyyat naziri qeyd edib ki, “Rosselxoznadzor”un hesabatı və orada mövcud olan məlumatlar müvafiq qurumlar tərəfindən öyrənilir.

Statistikanın ötən il ərzində 35-40-dan az hadisənin olduğunu göstərdiyini qeyd edən Kerobyan, “bu qədər aşağı statistik göstərici olduğu üçün dövlət orqanlarının işini pis hesab etmək olmaz” deyib.

Nazir vurğulayıb ki, Ermənistanın iqtisadi siyasəti yüksək standartlara cavab verən məhsulların istehsalına yönəlib. “Ona görə də bizim müxtəlif istiqamətlərə məhsul ixrac etmək imkanımız var”, - o əlavə edib.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol