ABŞ Dövlət katibi Entoni Blinken Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun gəlişi ərəfəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv ölkələrin xarici işlər nazirlərinin toplantısının keçirildiyi Şimali Makedoniyanın paytaxtı Skopyeni tərk edib. Onun Lavrovun qatılacağı tədbirdə iştirak etmək istəmədiyi məlum olub.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Skopyeyə gələn Lavrovu burada görmək istəyənlər elə də çox deyil. Xarici mətbu orqanların yazdığına görə, Ukrayna tərəfi ABŞ-nin belə bir addım atacağını əvvəlcədən bilirdi. Tədbirdən əvvəl Blinken Şimali Makedoniyanın Xarici İşlər naziri Bujar Osmani ilə görüşüb. O, sammit çərçivəsində təşkil edilən işçi naharda da iştirak edib, lakin Lavrovun gəlişini gözləmədən Skopyeni tərk edib.
Polşanın Xarici İşlər naziri Şimon Şinkovski isə xarici işlər nazirlərinin görüşündə iştirakdan ümumiyyətlə, imtina edib. Buna da səbəb Sergey Lavrovun iclasda iştirakı olub.
Qeyd edək ki, bundan əvvəl Ukrayna, eləcə də Baltikyanı ölkələrin (Latviya, Litva, Estoniya) xarici işlər nazirləri Lavrova görə ATƏT xarici işlər nazirlərinin Skopye görüşündə iştirakdan imtina ediblər.
“AzPolitika.info”

Şərhlər