Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak “The Economist” nəşrində gedən yazıda yer alan Prezident Volodimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı arasında münaqişənin olmasına dair iddiaları təkzib edib.
“AzPolitika.info” xəbər verir ki, “Azadlıq Radiosu”na danışan Podolyak Zelenskinin Zalujnı ilə daim ünsiyyətdə olduğunu deyib: “Biz təkidlə bildiririk ki, (Zelenski ilə Zalujnı arasında - red.) münaqişə yoxdur. Bir daha vurğulayıram ki, Prezident Zelenski cənab Zalujnı ilə daim ünsiyyətdədir. Təbii olaraq elə bir vəziyyət yaranır ki, qərargahda hücum əməliyyatlarımızın necə getdiyini, hansı korrektələrin edilməsini, bunun daha səmərəli olması üçün nələrin edilməli olduğunu nəzərə alaraq müəyyən söhbətlər aparmaq lazım olur. Amma bir daha vurğulayıram ki, bu kommunikasiyalar hər gün işlək formatda olur”.
Podolyak bir daha vurğulayıb ki, Kreml Ukraynada daxili siyasi münaqişələrin yaranmasında maraqlıdır.
Xatırladaq ki, bundan öncə “The Economist” Kiyevdə “siyasi döyüş meydanı”nın getdikcə gərginləşdiyini yazaraq qeyd edib ki, Prezident Volodimir Zelenski Valeri Zalujnını özünə rəqib görür və bu siyasi çəkişmələr Ukraynaya ziyan vurur.
“AzPolitika.info”


Şərhlər