Avropa Şurasının sədri Şarl Mişel müdafiə ittifaqı yaratmağa çağıraraq, həm Ukraynaya dəstəyin davam etdirilməsinin, həm də Avropanın öz təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. 

“AzPolitika.info” xəbər verir ki, bu barədə «The Guardian» yazır.

Müdafiə konfransında danışan Mişel "vahid bazarı ilə birləşmiş həqiqi müdafiə ittifaqı yaratmağın vaxtı çatıb" deyib. Onun sözlərinə görə, Avropa iki məqsəd üzərində cəmləşməlidir. "Birincisi, Ukrayna xalqına hərbi dəstəyimizdir, çünki Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. İkincisi, bir daha təkrar edirəm, biz müdafiəmizi - Avropa müdafiəmizi daha güclü etməliyik. İndi, sabah və gələcəkdə…” - Mişel vurğulayıb.

O, həmçinin hesab edir ki, Avropanın Ukraynaya görünməmiş yardımına baxmayaraq, daha çox iş görülməlidir. "Biz hamımız bilirik ki, daha çox iş görməliyik - daha çox raket, daha çox döyüş sursatı, daha çox hava hücumundan müdafiə sistemi lazımdır, həm də daha tez. Və bu öhdəlik Ukrayna xalqı, eləcə də vətəndaşlarımız qarşısında öhdəlikdir”, - Avropa Şurasının sədri vurğulayıb.

Mişel həmçinin Avropanın müdafiə xərclərinin daha yaxşı əlaqələndirilməsinə, eləcə də Avropa Müdafiə Agentliyinin rolunun artırılmasına və müdafiə sənayesi üçün maliyyənin artırılmasına çağırıb. 

Rüfət 

AzPolitika.info