Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən ilk iclasda müttəhimin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Hakim təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan hüquqlarını izah edib, dövlət hesabına vəkil və tərcüməçi ilə təmin edildiyini bildirib. İş üzrə dövlət itthamının müdafiəsi prokuror Müşfiq Rəhimova həvalə edilib.

Prokuror ittiham aktının qanuna uyğun qaydada tərtib edildiyini, həmçinin seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar olmadığını deyərək işin məhkəmə baxışına verilməsini tələb edib.

Voskanyan Qaqik Aşotinin və vəkili Dilsuz Məmmədov hazırkı mərhələdə vəsatətlərinin olmadığını deyərək, işin baxışa verilməsinə etiraz etməyiblər.

“Mən verilən tapşırıqları yerinə yetirmişəm. Mənə yazığınız gəlsin”,-V.Q.Aşotin deyib. Məhkəmənin qərarına əsasən iş baxışa verilib. Cinayət işi Sabunçu Rayon Məhkəməsinin inzibati binasında eyni hakimlər araşdıracaq. İlk baxış iclası dekabrın 11-nə təyin edilib.

Xatırladaq ki, bu ilin avqustunda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib. Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Qrupun digər üzvləri geri çəkilməyə məcbur edilib.

Qeyd olunan qanunsuz əməllərin qarşısı alınan zaman saxlanılmış Ermənistan silahlı birləşmələrinin üzvü Voskanyan Qaqik Aşoti Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

***

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında keçirilən hazırlıq iclasında hakim elan edib ki, Qaqik Voskanyan dövlət hesabına vəkil və tərcüməçi ilə təmin edilib. Hakim ona hüquqlarını izah edib.

Qaqik Voskanyanın anket məlumatlarında qeyd edilib ki, 1983-cü ildə İrəvan şəhərində anadan olub, subaydır və orta təhsillidir. İrəvanda Davtaşen küçəsində 17 nömrəli məhəllədə qeydiyyatdadır.

Daha sonra məhkəmədə təqsirləndirilən şəxsin vəkili ona təqdim edilib. Qaqik Voskanyanın hüquqlarını dövlət hesabına vəkil Dilsuz Məmmədov müdafiə edəcək.

Proses davam edir.

***

Kəlbəcər rayonunda saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report" xəbər verir ki, cinayət işi Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə araşdırılır.

Q.Voskanyanın hüquqlarını vəkil Dilsuz Məmmədov müdafiə edir.

İş üzrə 5 nəfər zərərçəkmiş var.

***

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

"Report" verir ki, cinayət işi Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Bugünkü məhkəmədə hazırlıq iclasının olması və anket məlumatlarının araşdırılması gözlənilir.

Qeyd edək ki, avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib.

Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur edilib.