Menu

“Rusiya Ukrayna ilə Qərb ölkələrində danışıq aparmağa hazırdır” - Təkliflər arasında Macarıstan da var

05.12.2023, 10:18
“Rusiya Ukrayna ilə Qərb ölkələrində danışıq aparmağa hazırdır” - Təkliflər arasında Macarıstan da var

Zaman keçdikcə Rusiya-Ukrayna danışıqlarının başlanması zərurətilə bağlı rəylər və təkliflər çoxalır. Lakin hələ ki, bu söhbətlərin konkret addımlara keçməsi müşahidə olunmur. 

Xüsusilə də Rusiya tərəfi Ukrayna ilə danışıqlara hazır olduğunu ən yüksək səviyyələrdə tez-tez səsləndirməkdədir. Lakin Ukrayna tərəfi haqlı olaraq, işğalçı ordu onun ərazilərindən çıxmayana qədər hər hansı danışıq aparmaqdan imtina edir.

“AzPolitika.info” xəbər verir ki, Rusiyanın “İzvestiya” qəzeti maraqlı özəl xəbərlə çıxış edib. “İzvestiya”ya hakimiyyətdəki yüksək rütbəli mənbə bildirib ki, Rusiya Ukrayna ilə hətta Qərb ölkələrinin birinin ərazisində danışıqlar aparmağa hazırdır. 

Həmin mənbənin sözlərinə görə, Moskva Macarıstan da daxil olmaqla, hər hansı bir Qərb ölkəsi ərazisində Kiyevlə danışıqların əleyhinə deyil. Amma əsas odur ki, Qərb və Ukrayna Rusiya ilə konstruktiv söhbətə hazır olsun.

Qeyd edək ki, bundan əvvəl Macarıstanın Xarici İşlər naziri Peter Siyarto tərəflərin hazır olduqları təqdirdə, Budapeştin tərəddüd etmədən Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyi edəcəyini bildirmişdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol