Dekabrın 5-nə keçən gecə işğal olunmuş Krımda güclü partlayış səsləri eşidilib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ilk olaraq Rusiyanın “SHOT” Telegram kanalı xəbər yayıb.
Kerç sakinləri Arşintsevo və Voykovo kəndində ən azı doqquz partlayışın olduğunu bildiriblər. İlkin məlumatlara görə, hava hücumundan müdafiə sistemi işə salınıb.
Saat 2:25-də Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Kerçdə bir saat ərzində ən azı 15-16 partlayış baş verib. Yerli sakinlər pilotsuz uçuş aparatlarının səslərini eşitdiklərini deyiblər. Kerç körpüsünün ərazisində, eləcə də şəhərin bəzi ərazilərində elektrik kəsilib. Feodosiya sakinləri da şəhərdə partlayış səsləri eşitdiklərini deyiblər.
Rusiya Müdafiə Nazirliyi isə bildirir ki, dekabrın 5-nə keçən gecə Azov dənizi və Krımda onlarla Ukrayna PUA-sı “məhv edilib”. İlkin olaraq nazirliyin mətbuat xidməti bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri Azov dənizi və Krım ərazisi üzərində 22 PUA vurub, daha 13 dron ələ keçirilib. Tezliklə Rusiya hərbçiləri Azov dənizi üzərində daha dörd PUA-nın vurulduğunu və ikisinin düşürüldüyünü bildirib. Ancaq nazirlik gecə hücumunun nəticələri və dağıntılar barədə məlumat verməyib. Ukrayna təərfi hələlik hücumla bağlı heç bir şərh vermir.
Qeyd edək ki, Krıma ən kütləvi dron hücumu bu il avqustun 25-də baş verib. Həmin vaxt Ukrayna yarımadadakı hərbi və infrastruktur obyektlərinə eyni vaxtda 42 PUA ilə hücum edib.
“AzPolitika.info”


Şərhlər