Məlum olduğu kimi, dekabrın 14-də Vladimir Putin özünün ənənəvi böyük mətbuat konfransını keçirmək fikrindədir.
“AzPolitika.info” xəbər verir ki, Rusiyanın “Levada” sorğu mərkəzi rusiyalıların Putinə hansı sualı vermək istədiyinə dair rəy sorğusu keçirib. Bu mərkəzin müstəqilliyi hər nə qədər şübhə doğursa da, sorğunun nəticələri maraqla qarşılanıb.
Beləliklə, məlum olub ki, rusiyalıları maraqlandıran başlıca sual Ukraynada davam edən müharibənin nə zaman bitəcəyidir.
Rusların 21%-i Putinə “Müharibə nə vaxt bitəcək”, “Sülh nə vaxt olacaq”, “Biz nə vaxt qalib gələcəyik”, “Bu əməliyyatı başa çatdırmaq üçün nə edilir” və “Səfərbərlik nə vaxt başa çatacaq” kimi suallar vermək istəyirlər. Ümumiyyətlə, müharibənin bitmə vaxtı ilə bağlı sual qalanlardan böyük fərqlə öndədir.
Rusların 8%-i Putindən təqaüdçülərin nə vaxt normal yaşayacaqlarını soruşmaq, pensiyalar, sosial proqramlar, əlçatmaz mənzillər, zəif səhiyyə və təhsil haqqında məlumat almaq istəyirlər. Əhalinin 7%-ni isə maaşların niyə aşağı olması və həyat səviyyəsinin nə vaxt yüksələcəyi sualı narahat edir.
Maraqlıdır ki, rəyi soruşulanların 6%-i Vladimir Putindən hakimiyyətdən nə vaxt gedəcəyini, onun Rusiyanın gələcəyini necə gördüyünü soruşmaq istəyir.
Rusların 4%-nin Putinə ümumiyyətlə sualı yoxdur, 10%-i ondan heç nə soruşmaq istəmir və onun mətbuat konfransına da baxmaq fikrində deyil. Nəhayət, rəyi soruşulanların 20%-i Putinə hansı sual vermək istədiyini bilmədiyini deyib. Belə çıxır ki, üst-üstə əhalinin 34 faizini Putinin mətbuat konfransı, onun nə deyəcəyi tamamilə maraqlandırmır. Bir daha qeyd edək ki, sorğunu keçirən mərkəz hakimiyyətə yaxın qurum hesab edilir...
“AzPolitika.info”


Şərhlər