Məlum olduğu kimi, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, 5 bal gücündə olan zəlzələnin ocağı 68 kilometr dərinlikdə yerləşib. Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, zəlzələdən sonra 3 bala qədər afterşoklar (zəlzələdən sonra qeydə alınan zəif təkanlar-red.) olsa da, qorxulu bir şey gözlənilmir.

“Güclü zəlzələ gözlənilmir, əhali narahat olmasın”, - deyə Yetirmişli bildirib.

Bəs maraqlıdır hələ zəlzələnin öncədən dəqiq proqnozunun verilə bilmədiyi, belə bir texnologiyanın kəşf edilmədiyi indiki dövrdə Yetirmişlinin sözlü zəmanətinə nə qədər güvənə bilərik?

Təbii ki, rəsmi qurumlarda təmsil olunan şəxslərin başlıca vəzifəsi əhalini panikaya salmamaq, mövcud vəziyyəti mümkün olduğu qədər sıradan bir hadisəymiş kimi təqdim etməkdir. Lakin bu təbiət hadisəsini ciddi qəbul etməyimiz üçün əsaslı səbəblər mövcuddur. İlk növbədə nəzərə almalıyıq ki, bu gün baş verən 5 bal gücündə zəlzələ uzun bir perioddan sonra qeydə alınmayıb. Cəmi 5 ay öncə də, iyul ayının 4-də Xəzər dənizində 5,5 bal gücündə zəlzələ baş vermişdi. Bu vaxt zəlzələ ocağı o qədər də dərində deyil, yerin 20 kilometr aşağısında idi. Lakin buna baxmayaraq zəlzələ Bakı və ətraf rayonlarda hiss olunmuş, hətta bəzi insanlar o gecəni küçədə gecələmişdi. Yaxın tarixdə də Xəzər akvatoriyasında, eləcə də bölgələrdə ara-sıra 4-5 bal gücündə zəlzələlərin baş verdiyini müşahidə edirik. 

İkinci bir məsələ isə odur ki, 8-9 ballıq zəlzələ zonasında yerləşən Bakı şəhərində bu gün qeyri-rəsmi rəqəmlərə görə, 3 milyondan artıq əhali yaşayır. Əhalinin böyük əksəriyyəti isə təhlükəsizlik tələblərinə məhəl qoyulmadan sıx şəkildə inşa olunan bir-birinə bitişik, iç-içə binalarda və evlərdə məskunlaşıblar. Bu azmış kimi, hələ bu gün paytaxtda 11 mindən artıq binanın qəzalı vəziyyətdə olduğu bildirilir... Maraqlıdır rəsmi qurumlar bütün bu nüansları nəzərə aldıqda arxitektur baxımdan “qəzalı” vəziyyətdə olan paytaxtda mümkün təbii fəlakət zamanı bizi hansı risklərin və təhlükələrin gözlədiyindən xəbərdardırılarm? Yoxsa “zəlzələ gözlənilmir” bəyanatı bütün risk faktorlarını sıfıra endirir? Bundan əlavə, rəsmi qurumda təmsil olunan bir şəxsin gələcəkdə zəlzələnin baş verməyəcəyinə dair dəqiq proqnozu nə dərəcədə real qəbul olunmalıdır?

Bu barədə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, seysmoloq Ənvər Əliyev “AzPolitika.info”-ya şərhində bildirib ki, bu gün baş verən zəlzələ Ərəbistan tavasında baş verən sıxılma ilə əlaqədardır:

“Bu zonada tava yerləşmir. Bura Alp-Himalay qışırışıqlılğının bir hissəsidir. Burada isə qırılma xətti var. Bu gün baş verən zəlzələnin yaranma səbəbi Ərəbistan tavasındakı sıxılma ilə bağlıdır. Bu tava Kiçik Asiyanı sıxaraq, Alp-Himalay qırışıqlığına doğru hərəkət etdirir. Bu sıxma nəticəsində də burada kiçik təkanlar qeydə alınır”.

Seysmoloq Xəzər akvatoriyasındakı yüksək risk qrupunda olan bölgələrin adlarını da açıqlayıb.

Onun sözlərinə görə, digər bölgələrlə müqayisədə Xəzərin şimal, şimal-şərq və cənubunda yerləşən ərazilərin seysmoloji risk faktoru daha yüksəkdir.

“Xəzər dənizinin şimal-şərq hissəsində Dağıstan və Quba-Xaçmaz bölgəsində lokal yerlər var ki, orada zəlzələnin gücü çoxdur. İkinci bir bölgə isə Xəzərin cənubunda, dəniz sahilindən bir az aralıda, Kür çayına qədər ərazidə yerləşir. Bu bölgələr 8 ballıq zəlzələ zonasındadırlar. Yəni burada seysmoloji aktivlik daha yüksəkdir. Bu sınma xətlərində gərginlik artdığına görə, burada zəlzələnin baş vermə ehtimalı da yüksəkdir. Ancaq nəzərə almalıyıq ki, tarixdə Abşeron zonasında güclü zəlzələlər qeydə alınmayıb. Gələcəkdə bu tip təkanların baş verib-verməyəcəyi ciddi araşdırma tələb edən bir məsələdir",- deyə ekspert bildirib.

Beynəlxalq ekspertlər:“Hər 20-25 ildən bir Bakıda güclü zəlzələ baş verə bilər”

Beynəlxalq ekspertlər isə bir qədər fərqli düşünürlər. Onlar hesab edirlər ki, hər 20-25 ildən bir Bakıda güclü zəlzələ baş verə bilər. Xatırladaq ki, paytaxda sonuncu dəfə 23 il öncə, 2000-ci ildə qeydə alınan ən böyük zəlzələ 6,8 bal gücündə hiss olunmuşdu. Zəlzələnin episentri Azərbaycanın Xəzər dənizi sektorunda yerləşirdi. Təkanlar iki dəfə dalğavari olmaqla 22 saniyə çəkmişdi. Təbii fəlakət nəticəsində 30 nəfər həlak olmuşdu.

Düşünürük ki, istənilən halda bu təbii fəlakət baş verərsə, vətəndaşların bilməli və əməl etməli olduqları bir sıra vacib məqamları xatırlatmaq yerinə düşər. Düzdür zəlzələnin təhlükəli təsirlərindən tam qorunmaq mümkün olmasa da, riski minimuma endirmək üçün müəyyən qaydalara əməl etmək vacibdir:

- İlk öncə bilməlisiniz ki, birinci təkanı hiss etdikdə binanı təhlükəsiz şəkildə tərk etmək üçün cəmi 10-15 saniyə vaxtınız var;

- Binanı tərk edərkən liftdən istifadə etmək olmaz;

- Binanı tərk etdikdən sonra açıq və təhlükəsiz yerdə dayanmaq lazımdır;

- Əgər binanı 10-15 saniyə ərzində tərk etmək mümkün deyilsə, evdə qalmağınız məsləhətdir;

- Bu zaman dəmir ayaqlı masa varsa, onun altına girin. Əgər yoxdursa, evin künc hissələrində dayanın;

- Bu zaman içində müəyyən qədər ərzaq və su, tibb çantası, vacib sənədlər, pul, fənər və isti paltar olan ehtiyat çantasının yanınızda olması vacibdir;

- Əgər zəlzələ sizi küçədə haqlayıbsa, bu zaman bina, elektrik dirək və xətləri, sıldırımlı yerlər, körpülərdən uzaq durun, dərhal açıq sahəyə çıxın;

- Əgər avtomobillə açıq sahədə hərəkət edirsinizsə, onu dayandıraraq pəncərələri bağlayıb, içində təkanların bitməsini gözləyin;

- Əgər avtomobillə binaların yaxınlığında hərəkət edirsinizsə, dərhal onu tərk edib, açıq sahəyə çıxın.

Elvin Bəyməmmədli

“AzPolitika.info”