Menu

Rusiya Moskvaya, ABŞ Vaşinqtona çağırır – Avropa isə ikitərəfli dialoqu dəstəkləyir

08.12.2023, 17:24
Rusiya Moskvaya, ABŞ Vaşinqtona çağırır – Avropa isə ikitərəfli dialoqu dəstəkləyir

“Moskva Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin dəftərxanasının iki ölkə arasında münasibətləri normallaşdırmaq və sülh müqaviləsi bağlamaq üçün qarşılıqlı niyyətlərini təsdiq edən birgə bəyanatını məmnunluqla qarşılayıb”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Rusiya rəsmisi daha sonra deyib: “Biz Bakı və İrəvan arasında Ermənistan və Azərbaycan hərbçilərinin azad edilməsinə dair razılaşmanı alqışlayırıq. Rusiya ardıcıl olaraq məhbusların “hamını hamıya” prinsipi ilə dəyişdirilməsi ideyasını irəli sürür. Bu, qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illər üçün üçtərəfli razılaşmalarına uyğun olaraq Ermənistan-Azərbaycan normallaşması prosesinin təşviqində yeni imkanlar açır”.

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, Rusiya tərəfi bundan sonra da nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası, sülh müqaviləsinin bağlanması və vətəndaş cəmiyyəti vasitəsilə təmaslarda hər cür yardım göstərməyə hazırdır.

Rusiya tərəfinin bu bəyanatında tərəflərə köhnə-yeni mesajlar var. Moskva təkrar edir ki, Azərbaycanla Ermənistan arasında nizamlanma prosesi müharibədən sonra Rusiyanın iştirakı ilə müəyyən olunmuş üçtərəfli formata uyğun aparılmalıdır. Yəni moderator Rusiya olmalı, danışıqlar Moskvada, yaxud Soçidə, Sankt-Peterburqda keçirlməlidir.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözügedən məsələ ilə bağlı açıqlamasında isə sülh danışıqlarının Vaşinqtonda və ya Brüsseldə davam etdirilməsi təklif olunub. Dekabrın 6-da Bakıda Prezident İlham Əliyevlə görüşən dövlət katibinin müavini Ceyms Obrayn “X” sosial şəbəkəsində “xarici işlər nazirlərini tezliklə Vaşinqtonda gözləyirik” mesajını paylaşmışdı.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bəyanatında isə ünvan göstərilməyib. Mişel “Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Aİ-nin rəhbərlik etdiyi Brüssel prosesinin əsas məqsədi olub. Bugünkü irəliləyiş vacib addımdır. İndi liderləri Ermənistan-Azərbaycan sülh razılaşmasını tez bir zamanda yekunlaşdırmağa çağırıram”, - deyə yazıb.

Mişel burada vurğunu ikitərəfli təmasların önəminə salıb və Brüsselin bu formatı dəstəklədiyini açıqlayıb.

Beləliklə, Azərbaycan və Ermənistanın ikitərəfli dialoqunda böyük tərəqqinin əldə olunmasına baxmayaraq, ABŞ və Rusiya sülh prosesinə geosiyasi rəqabətin elementlərindən biri kimi baxmaqda davam edirlər. 

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol