Menu

Erməni vandalları tərəfindən girov götürülmüş Ağca nənə və qızı Güllünün qaraca dərdi

10.10.2020, 18:35
Erməni vandalları tərəfindən girov götürülmüş Ağca nənə və qızı Güllünün qaraca dərdi

Cəmilə ÇİÇƏK (İSBƏNDİYAROVA),

araşdırmaçı-jurnalist,

prezident təqaüdçüsü, f.ü.f.d.

"İtkin düşmüş şəxslərin, qaçqın və məcburi köç­kün ailə­lərinin üzvlərinə psixoloji-mənəvi dəstək tədbir­lə­­ri­nin təşkili" ikiaylıq layihə çərçivəsində elmi-kütləvi kitab­­­çanın materialları çapa hazırlananda layihə rəh­bəri, eyni zamanda tərtibçi olaraq nəşrə mən də məqalə hazırlamalı idim. Layihə çərçivəsində başladığımız işlər, eləcə də bu mövzuda məqalələr hazırladıqca uşaqlıqdan ta indiyəcən, uzun müddət çalışdığım jurnalist fəaliyyə­tim zamanı qarşılaşdığım ürəkdağlayan hadisələri xatır­­­­ladım. Yaman kövrəldim, özüm də əslən Kəlbəcər­dən məcburi köçkün olduğumdan istər-istəməz gözlə­rim­­dən acı yaşlar axmağa başladı. İtirdiyimiz torpaq­lar, şəhidlərimiz, qaçqın və köçkünlərin acı taleyi, Qarabağ dərdi...

İndilərdə isə Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və igid hərbçilərimizin dağ-dağ, kənd-kənd, rayon-rayon öz qanları-canları hesabına geri qaytardıqları, düşmən tapdağı altında 30 il inləmiş 20 faiz torpağımızın sevinci, sözsüz ki, acılarımızın çoxunu bizlərə unutdurmaqdadır. Fəqət tariximizi unutsaq, yenidən düşmənlərlə üzbəsurət qalmalı olacağıq deyə bu qeydlərimi yazıya alıb 55 milyonluq dünya azərbay­can­lılarına ünvanlayıram...

O zamanlar jurnalist fəaliyyətimə yenicə başlamış­dım. Həvəslə çalışdığım qəzet redaksiyası tərəfindən Şəki rayo­nuna ezamiyyətə göndərilmişdim. Məqsədim orada məs­­kun­laşmış qaçqın və məcburi köçkünlərlə bağlı araşdır­ma aparmaq idi. İcra hakimiyyətində məsul nümayən­dələr­dən Şöhrət Musayev adlı çox hörmətli biri Şəki İpəkçilik Kombinatında məcburi köçkün kimi məskunlaşmış, vaxtilə ermənilərə əsir düşmüş, əslən Kəlbəcər rayonundan olan yaşlı məcburi köçkün Ağca Qasım qızı Nəcəfovanın ailəsi ilə bağlı məlumat verdi. Bildirdi ki, Kəlbəcər rayonu işğal olunarkən Ağca nənə və qızı Güllü erməni vandalları tərə­fin­dən əsir götürülür. Əsirlikdə onlara olmazın işgəncələr verilir, başlarına min cür müsibət gətirilir. Şöhrət müəllim olduqca emosional bir şəkildə onu da əlavə etdi ki, ailəyə neçə dəfə icra hakimiyyəti tərəfindən maddi pul və ərzaq yardımı təklif olunubmuş, onlar isə bundan qəti şəkildə imtina ediblər. Əsl həqiqətdə isə onlar bu yardıma möhtac idilər, ağır vəziyyətdə yaşayırdılar. Hətta ermənilərin onlara sözlə ifadə olunmayacaq şəkildə verdiyi işgəncələrin çoxu­nu danırdılar. Şöhrət müəllimin bu ailə haqqında danış­dıq­ları məni o zaman möhkəm kövrəltsə də, həm də sevindirdi. Sevindirdi ona görə ki, bizim qadınlarımız həmişə qeyrət timsalımız olub, zəif olmayıblar...

O vaxt Ağca nənənin ailəsinə baş çəkdim. Rayonun işğalı zamanı Ağca nənə qızı Güllü ilə birgə erməni işğalçıları tərəfindən əsir götürüldükdən sonra köçkünlük həyatı yaşayan digər qızı ailə qurmaqdan imtina edibmiş. Əsirlikdə olan ana-bacısının yolunu gözləməkdən gözünün kökü saralmışdı. Söhbət əsnasında məni onlara bağlayan sanki nəsə başqa bir hiss, isti duyğu çəkdiyini hiss edirdim. Zənnim məni yanıltmamışdı. Ağca nənənin şirin – mənə doğma olan ləhcəsindən onun Kəlbəcərin Milli kəndindən (hətta anamla qohumluq əlaqəsi varmış) olduğunu da bildim, ürəyim daha da parçalandı. Əvvəl Güllü, ondan 9 ay sonra isə anası Ağca nənə əsirlikdən geri dönmüşdü. Əsir qaldıqları dövrdə başlarına gətirilən müsibətlər barədə danışan zaman min kərə ölüb dirilir, hətta işgəncələrin çoxunu məndən də gizlədirdilər.

Onlar bir müddət sonra qərara gələrək qohumlarının məskunlaşdığı Gəncə şəhərinə köçdülər. Bundan sonra bir müddət bu ailə ilə əlaqələrim itdi. Lakin hazırkı layihə ilə bağlı rayon icra hakimiyyəti vasitəsilə telefon nömrələrini əldə edərək əlaqə saxladım. Telli bildirdi ki, yazıq anası ilə bacısı Güllü əsirlikdə aldıqları cismani və mənəvi yaralar, çəkdikləri müsibətlər üzündən ruhən sarsılmışdılar, yaşa­maq deyil, sanki cismani sürünürdülər. Bu yerdə Tellinin öz dilində başlarına gələnləri dinləyək:

“2001-ci il idi, mən həmin gün evdə deyildim, məlum acılar üzündən susqun qalan bacım Güllü günlərin birində anamı evdə qoyub bazara gedir və bu onun son gedişi olur. Hüquq-mühafizə orqanları bu işə qarışsa da, onun nə ölüsü, nə də dirisi tapılır. Dəfələrlə Xoşqədəm xanımın “Səni axtarıram” verilişinə üz tutub axtarışa versəm də, heç bir nəticəsi olmadı. Taleyimlə barışıb heç vaxt ailə qurmaq barədə düşünmədim, lakin qohum-tanışlardan çox deyən oldu ki, anama, heç olmasa, bir varis bəxş edim. Mənimki əvvəldən gətirmədi heç. Rusiyada tüfeyli həyat sürmüş bir həmkəndlimlə 2005-ci ildə ailə həyatı qurdum. Lakin bu dəfə də xoşbəxtlik üzümə gülmədi. Ailə qurduğum şəxs hər gün evə sərxoş vəziyyətdə gəlir, yaşlı anama göz dağı verir­di. Ana-bacıma vaxtilə ermənilərin verdiyi işgəncələrə indi sanki mən həyat yoldaşım tərəfindən məruz qalırdım. Günümü göy əsgiyə döndərdi. Çalışırdım ki, dözüm, çünki bizim milli dəyərlərimizə görə, ailə həyatı ömürlük olmalıdır. Lakin dözülməsi mümkün deyildi. 2011-ci ildə ayrılaraq ahıl və xəstə anama xidmət etməyə başladım. 2017-də anam da Kəlbəcər dərdi ilə dünyasını dəyişdi, hazırda tənhayam...”

Mən dolanışığı barədə sual verəndə o kövrələrək bildirdi ki, anam və bacım erməniyə girov düşdü, böyük acılar içərisində üzüldük, bundan betər yaranın acısını isə məcburi köçkün kimi aldığım yemək xərcinin 2017-ci ildə Milli kənd icra nümayəndəsi tərəfindən kəsildiyi gündən yaşayıram. Məsələyə aydınlıq gətirmək üçün kənd icra nümayəndəsi ilə telefon əlaqəsi saxladım. O mənə “Nazirlər Kabinetinin qərarına görə məcburi köçkün xanım yerli vətəndaşla ailə qurub boşandıqda belə dövlət tərəfindən məcburi köçkünlüyə görə verilən yemək xərcindən məhrum olunur” dedi.

Bu da bizim bəzi aidiyyatı qurumların 60 yaşlı, tənha, həssas qrupa aid ailə üzvünə “göstərdiyi” maddi və mənəvi-psixoloji dəstək...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol