Avropa İttifaqı (Aİ) Ermənistanla hərbi təlimlər keçirmək niyyətində deyil.
«AzPolitika.info» xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano “İzvestiya”ya bildirib.
“Aİ Ermənistanla birgə hərbi təlimlər keçirmək imkanını nəzərdən keçirmir. Aİ hərbi ittifaq deyil, o, siyasi və iqtisadi dəyərlər birliyidir”, - deyə Stano bildirib.
O, həmçinin qeyd edib ki, Avropa İttifaqının təşkilata üzv ölkələrin ərazisində erməni hərbçilərinə təlim keçmək planı yoxdur. Stano deyib ki, Avropa İttifaqı Ermənistan ordusuna Avropa Sülh Fondu vasitəsilə “qeyri-letal formatda” dəstək vermək imkanlarını öyrənir, lakin hələlik konkret qərar yoxdur.
Bundestaqın Müdafiə Komitəsinin üzvü Yan Nolte isə “İzvestiya”ya bildirib ki, Almaniya parlamenti Ermənistana silah verilməsi imkanını nəzərdən keçirmir.
“Hakimiyyət Ukraynanı silahla dəstəkləməyə davam etmək istəyir və bu, indiki vəziyyətdə onsuz da çətindir. İsrail və Qəzza zolağında vəziyyətin bundan sonra necə inkişaf edəcəyi də bəlli deyil. Düşünmürəm ki, kimsə Ermənistana silah vermək istəyir. Hər halda, bu, müdafiə komitəsinin gündəliyində deyil”, - Jan Nolte bildirib.
Rüfət
AzPolitika.info


Şərhlər