“O, siyasətdən uzaqlaşmışdı. Partiya ilə və keçmiş partiyadaşları ilə əlaqə yaratmırdı"
Vaxtilə Etibar Məmmədovun sədrlik etdiyi AMİP-də nüfuzlu şəxslərdən sayılan iş adamı Vaqif Musayevin həbsi ilə bağlı maraqlı məlumatlar yayılıb. Publika.az saytının dünən özəl mənbələrə istinadən yaydığı məlumata görə, V.Musayev 5 gün öncə DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Onun həbsi ilə bağlı rəsmi sanksiyanın olub-olmaması bəlli deyil.
Sayt V.Musayevin ailə üzvlərinə istinadən xəbər verib ki, Musayev həbs edilən zaman üzərində silah olub. Ailə üzvləri bu həbsin Musayevlər ailəsi üçün tamamilə gözlənilməz olduğunu bəyan ediblər: “Sadəcə olaraq, onu bilirik ki, həbs edilən zaman üzərində silah olub. O, bu silahı niyə gəzdirirmiş, bilmirik”. Ailə üzvləri V.Musayevin həbsi ilə bağlı ətraflı bilgilərə malik olmadıqlarını, həmçinin onunla görüşə bilmədiklərini əlavə ediblər.
Son zamanlar səhhətinin ağır olduğu deyilən, şəkər xəstəliyindən əziyyət çəkən V.Musayevin həbsə qədərki fəaliyyəti ilə bağlı elə bir məlumat yoxdur. Zamanında isə o, imkanlı iş adamı kimi tanınıb. Hətta bir müddət AMİP-in əsas “pul kisəsi” sayılıb.
Məhz buna görə 2000-ci ilin parlament seçkilərində V.Musayev AMİP-də Şadman Hüseyn, Nazim İmanov kimi nüfuzlu simaları qabaqlayaraq partiyanın proporsional seçki siyahısında Etibar Məmmədovdan sonra ikinci yeri tutub. Amma həmin seçkilərdə AMİP-in tələb olunan 6 faizlik baryeri keçə bilmədiyi elan olunub. Bundan bir müddət sonra V.Musayev Milli İstiqlal Partiyasından uzaqlaşıb. 2005-ci ildə keçirilən parlament seçkilərində uduzduqdan sonra siyasətdə görünməyib.
O, bir müddət elmi və pedaqoji fəaliyyətlə də məşğul olub və iqtisadiyyatla bağlı dissertasiya müdafiə edərək elmlər doktoru adını alıb.
Dünən Etibar Məmmədovla əlaqə saxlamağa və keçmiş partiyadaşı ilə münasibətlərin qalıb-qalmadığını öyrənməyə çalışdıq. Lakin gün ərzində telefonu qapalı oldu.
AMİP Mərkəzi Şurasının sədri Əli Orucovla danışdıq. Bildirdi ki, 2003-cü il prezident seçkilərindən sonra Vaqif Musayev AMİP-dən istefa verib və partiya ilə əlaqələri kəsilib: “O, siyasətdən uzaqlaşmışdı. Partiya ilə və keçmiş partiyadaşları ilə əlaqə yaratmırdı. Etibar Məmmədovla münasibətlərinin, əlaqələrinin qalıb-qalmadığı barədə dəqiq söz deyə bilmərəm. Məncə, əlaqələr yoxdur. Biz onun həbsi barədə məlumatı mətbuatdan öyrəndik”.(musavat.com)


Şərhlər