“Rusiya Azərbaycan-Ermənistan nizamlanması üzrə danışıqları qəbul etməyə həmişə hazırdır və ümid edir ki, Bakı və İrəvan müvafiq təklifin aktuallığını nəzərə alacaqlar”.
“AzPolitika.info” xəbər verir ki, bunu TASS-a Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Moskvada Ermənistan və Azərbaycan arasında nizamlanma üzrə sülh danışıqlarının aparılması barədə təkliflərimiz tərəfdaşlarımız üçün açıqdır. Ümid edirik ki, İrəvan və Bakı bunu xatırlayacaq və başa düşəcək”, - nazir müavini Heydər Əliyevin anım günü ilə bağlı keçirilən qəbulda qeyd edib.
“Biz hər zaman belə işə hazırıq”, - deyə Qaluzin üç ölkənin xarici işlər nazirlərinin Moskvada görüşünün hazırda diplomatik kanallar vasitəsilə hazırlanması barədə suala cavabında deyib.
O əlavə edib ki, Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasının genişləndirilməsi Ermənistan-Azərbaycan nizamlanmasına kömək etməyəcək və yalnız Transqafqazda gərginliyi artıracaq. “Onların Ermənistanda görünməsi Ermənistan-Azərbaycan nizamlanmasının təşviqi baxımından tamamilə faydasız addımdır. Biz əminik ki, Aİ missiyasının genişləndirilməsi tamamilə faydasız olacaq və əsas prinsipləri 2020-ci ilin noyabrında Rusiya, Azərbaycan və Ermənistanın liderləri tərəfindən hazırlanmış nizamlanmanın asanlaşdırılması baxımından heç bir nəticə verməyəcək”.
“Avropa İttifaqı Cənubi Qafqaza yeni heç nə gətirmir, yalnız əlavə gərginlik və inamsızlıq gətirir”, - Qaluzin əlavə edib.
Onun sözlərinə görə, Aİ-nin Cənubi Qafqazda siyasəti yalnız Rusiyanı regiondan sıxışdırıb çıxarmağa yönəlib. “Biz görürük ki, Avropa İttifaqının siyasəti müstəsna olaraq Rusiyanı oradan sıxışdırıb çıxarmaq məqsədi daşıyır, eyni zamanda Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanma prosesində əldə etdiyimiz nailiyyətlərdən istifadə edir”, - Rusiya xarici işlər nazirinin müavini qeyd edib.
“AzPolitika.info”


Şərhlər