“Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycana gəlişi indiki dövrdə əhəmiyyətlidir, biz strateji müttəfiqik, “Şuşa bəyannaməsi” daimi məsləhətləşməni diqtə edir”.
“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Hakan Fidanın Bakı səfərini şərh edərkən deyib.
“Ciddi hadisələr baş verib, Azərbaycanla Ermənistan arasında birbaşa rabitə formalaşıb, əsirlər dəyişdirilib, inam atmosferinin gücləndirilməsi və sülh sazişinin imzalanması üçün təmaslar genişlənib. Türkiyə bu prosesdən kənarda qala bilməz”, - o qeyd edib.
Ekspert vurğulayıb ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalayan kimi İrəvanın Türkiyə ilə münasibətlərinin də normallaşması prosesi başlayacaq. “Ona görə də Bakı ilə Ankaranın İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə olduğu kimi sinxron hərəkət etməsinə ehtiyac var”, - E.Şahinoğlu bildirib.
“AzPolitika.info”


Şərhlər