Menu

Ukraynalıların müharibədən yorğunluğu artır – Ərazi itkilərilə razılaşanların sayı çoxalıb

14.12.2023, 16:02
Ukraynalıların müharibədən yorğunluğu artır – Ərazi itkilərilə razılaşanların sayı çoxalıb

Ukraynada vətəndaşların 74%-i hələ də Rusiyaya hər hansı ərazi güzəştinin əleyhinədir. Lakin eyni zamanda sülhə nail olmaq üçün bu cür “kompromislərə” hazır olanların sayı əvvəlki dövrlə müqayisədə xeyli artıb.

“AzPolitika.info” xəbər verir ki, bu nəticələr Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun 2023-cü ilin dekabrında keçirdiyi yeni sorğuda üzə çıxıb.

Hesabatda bildirilir ki, 2022-ci ilin mayından 2023-cü ilin mayına qədər olan dövrdə vəziyyət nisbətən sabit olub: respondentlərin təxminən 8-10%-i ərazi güzəştlərinə hazır olub, mütləq əksəriyyət – 82-87%-i isə ardıcıl olaraq istənilən güzəştlərə qarşı çıxıb.

Lakin dekabr ayında ukraynalıların 19%-i tezliklə sülhə nail olmaq və müstəqilliyini qorumaq üçün Ukraynanın bəzi ərazilərindən imtina edə biləcəyi ilə bağlı rəylə razılaşıb. Bununla yanaşı, vətəndaşların 74%-i hələ də əmindir ki, Ukrayna öz ərazilərindən imtina edə bilməz, hətta bu, müharibənin daha uzun sürəcəyi və dövlət müstəqilliyinə yeni təhlükələrin olacağı anlamına gəlsə belə.

Respondentlərin təxminən 7%-i bu suala cavab verməkdən yayınıb.

İnstitut qeyd edir ki, 2023-cü ilin mayından sonra Rusiyaya ərazi güzəştlərinə hazır olanların sayında tədricən artım müşahidə olunur. Müvafiq tendensiya may ayında 10%-dən oktyabrda 14%-ə, dekabrda isə 19%-ə qədər artıb. Müvafiq olaraq, ərazi güzəştlərinin əleyhinə olanların nisbəti azalıb - maydakı 84%-dən dekabrda 74%-ə qədər.

Maraqlıdır ki, ərazi güzəştlərinə razı olanların artımı Ukraynanın Qərb bölgələrində daha çox hiss olunur. Belə ki, Qərbdə belə respondentlərin sayı oktyabrda 9%-dən 20%-ə, Mərkəzdə 10%-dən 15%-ə qədər dəyişib. Cənub və Şərqdə Rusiyaya güzəştə getməyə hazır olanların sayındakı dəyişikliklər az nəzərə çarpır, ancaq orada da mənfi tendensiyalar müşahidə olunur.

Qeyd edək ki, hətta coğrafi baxımdan döyüş zonasına daha yaxın olan cənub və şərq bölgələri sakinlərinin də 67%-i Ukrayna torpaqlarının hər hansı güzəştinin əleyhinədir. Eyni zamanda, Cənubda yaşayan respondentlərin 22 faizi, Şərqdə yaşayan respondentlərin isə 25 faizi bu cür güzəştlərə hazırdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol