“Dənizə çıxışı olmayan Ermənistan üçün Azərbaycanla sülh sazişinin əhəmiyyəti artıb”.
“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Ermənistan Baş nazirinin dünən dənizə çıxışı olmayan ölkələrin nazirlərinin iclasındakı çıxışını şərh edərkən deyib.
Qeyd edək ki, Paşinyan çıxışında yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını çox real adlandırıb.
Elxan Şahinoğlu hesab edir ki, sazişin imzalanması bir neçə məsələdə Ermənistan üçün əhəmiyyətlidir: “Birincisi, sülh sazişi imzalanarsa Ermənistan Azərbaycan üzərindən Xəzər dənizinə və buradan Mərkəzi Asiyaya və Çinə çıxış imkanı əldə edəcək. İkincisi, Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması İrəvanın Türkiyə ilə də münasibətlərinin normallaşmasına və sərhədlərinin açılmasına imkan verəcək ki, Ermənistan Aralıq dənizinə çıxış imkanı qazanacaq. “30 ildən artıqdır ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır” – deyən Paşinyan bununla nəqliyyat kommunikasiyalarının açılmasına marağını ortaya qoyub”.
Politoloq hesab edir ki, bu niyyətlərin reallaşması üçün Paşinyan rəsmi Bakının Zəngəzur dəhlizi təklifini qəbul etməlidir.
Rasim
“AzPolitika.info”


Şərhlər