"Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan maraqlı silsilə tədbirlər davam etməkdədir. Fikrimcə, bu tədbirlərdə səslənilən fikirlər, tədqiqatlar çoxcildli kitablar şəklində çap olunmalıdır. Belə maraqlı tədbirlərdən biri də 15-16 dekabrda Gəncə şəhərində keçirildi. Gəncə şəhər Heydər Əliyev Mərkəzində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü və təşkilatçılığı, Gəncə Dövlət Universiteti və UNEC-in təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz əhəmiyyətinə və məzmununa görə xüsusilə diqqətimizi cəlb etdi".
"AzPolitika.info" xəbər verir ki, bunları deputat Etibar Əliyev "Facebook" hesabından etdiyi paylaşımda bildirib.
Deputatın həmin paylaşımını təqdim edirik: "Konfransda alimlər, millət vəkilləri, nazirliklərin rəhbər şəxsləri, dəvət olunan xarici qonaqlar enerji, ərzaq mallarının istehsalı, qloballaşma, risklərin qiymətləndirilməsi, ətraf mühitin mühafizəsi və bəşəriyyətin gələcəyi kimi vacib mövzular ətrafında fikir mübadiləsi apardılar.

Konfransın ikinci hissəsində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri dosent Sadiq Qurbanovun müəllifi olduğu “Davamlı inkişaf kontekstində ekoloji siyasətin prioritet istiqamətləri və yaşıl iqtisadiyyat” adlı kitabın təqdimatında və kitab barədə keçirilən geniş müzakirələrdə iştirak etdik. Konfrans iştirakçıları S. Qurbanovun bu tədqiqat əsərini çağımızın ən aktual problemlərinin təhlili sahəsində yazılmış əvəzsiz vəsait olduğunu vurğuladılar. Belə mövzularda yazılan əsərlər bütün dünyada böyük aktuallıq kəsb edir.
Konfrans proqramı çərçivəsində ölkəmizdə yaşıllıq sahələrinin genişləndirilməsinə və su bioresurslarının populyasiyasının artırılmasına dəstək məqsədilə yaddaqalan ənənəvi aksiyalar təşkil olundu.

Milli Məclisin deputatları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd təsərrüfatı nazirliyinin, Energetika nazirliyinin nümayəndələrinin, elmi təşkilat və təhsil müəssisələrində çalışan alim və pedaqoqların, Gəncə şəhər və Göygöl rayon icra hakimiyyətləri başçılarının iştirakı ilə, Göygöl rayonu ərazisində yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm verən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan ağacəkmə aksiyası keçirildi, bölgənin torpaq-iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkildi. Göygöl Milli Parkının ərazisində su hövzəsinə qızıl xallı forel balığı növünə aid 1500-dən çox balıq körpəsi buraxıldı.
Tədbirlərin yüksək səviyydə təşkil olunmasında böyük əməyi olan hörmətli həmkarımız Sadiq Qurbanova xüsusi təşəkkürümü bildirirəm".
"AzPolitika.info"

























Şərhlər