Hazırki dövrdə müsbət imicin, reklamın istənilən sahə üzərindəki rolu danılmazdır. Deyək ki, informasiya bazarında və ya digər adıyla siyasi bazarda potensial müştərilər var. Bu zaman müsbət imicinin formalaşdırılması, potensial müştərinin və ya digər adıyla siyasi aktorun cəlb edilməsi prosesi necə adlandırılacaq? Bu prosesin hazırki dövrdəki əhəmiyyəti nədir? Avropa, Amerika və Azərbaycandakı siyasi hadisələrin gedişatındakı rolu nədir?
Ümumilikdə, PR (Public Relations) İctimaiyyətlə Əlaqələr deməkdir. Bu hədəf auditoriya üçün marketinq strategiyasıdır. Bəs PR-ın siyasətdəki əhəmiyyəti nədir?
Siyasətdə ictimaiyyətlə əlaqələr siyasətçilər tərəfindən ictimaiyyətlə qarşılıqlı faydalı əlaqələr qurmaq üçün istifadə edilən strateji ünsiyyət prosesidir. Çox zaman kütlə PR barədə sadə təsəvvürə malik olur və onun yalnız mediada gedən xəbərlər baxımından qavrayırlar. Burada əsas diqqət yetirilməli məqam PR-ın siyasi xadimlərin işlərindəki roludur.
Siyasi PR-də bir inkaredilməz tezis var: seçicinin namizədlə birbaşa əlaqə saxlamaq, bilavasitə ünsiyyət yaratmaq imkanı son dərəcə məhdud olduğundan, namizədin imici, obrazı, ekrandakı və ya qəzet səhifəsindəki şəkli onun seçiminə böyük təsir göstərir. Seçicinin, yəni xalqın çox zaman namizədlərlə əlaqə saxlamaq imkanı olmur. Şübhəsiz ki, seçicinin 70-80 faizi sadəcə formalaşdırılmış bir imicə əsasən qərar verir. Seçici qərar anında müqayisəli təhlilə keçir və ağlındakı namizədi digər namizədlərlə müqayisə edərək ideal variantı müəyyən edir.
Sözsüz ki,o, seçim zamanı bunu ideal prezident və ya xadim modeli ilə müqayisə edir. Bəs obyektiv baxıldıqda seçicinin qərarı nə dərəcədə doğrudur və namizədi nə qədər yaxşı tanıyır? Bu tərəfdən baxıldıqda artıq ictimaiyyətlə əlaqələrin siyasətdəki rolunu daha sadə dillə anlamaq mümkündür. Mütləq ki, imicmeykerlər namizədin imicini formalaşdırarkən bir sıra amilləri nəzərə alırlar. Bunun üçün müəyyən sorğular həyata keçirir və xalqın, hədəf kütlənin əslində nəyə ehtiyacı olduğunu müəyyən edərək qəlib hazırlayırlar. Bu zaman cins, yaş, maraqlar və s. aspektlərdəki fərqliliyi mütləq ki, nəzərə alırlar. X bir ildə aclıqdan əziyyət çəkən kütləyə ərzaq yardımının ediləcəyi vədini verən və yaxud da işsizlik səviyyəsinin yüksək olduğu yerlərdə yeni iş yerlərinin açılacağı iddiasında olan namizəd əslində seçicinin təsəvvüründə nə qədər də yüksəlmiş olur.
Siyasətçilər öz imicləri üzərində işləyirlər. İctimaiyyətin onları necə qəbul etməsi gələcək seçkilərin nəticələrinə təsir edə bilər. Buna görə də onlar hər zaman ən yaxşı tərəflərini nümayiş etdirməyə və ictimaiyyətin diqqətində qalmağa çalışırlar.

Konfransların, siyasi debatların və digər müvafiq tədbirlərin təşkili siyasi təşkilatlar tərəfindən işə götürülən PR komandasının vəzifəsidir. Onlar siyasətçinin məlumatlılığını artırmaq üçün iştirak edə biləcəyi imkanlar və tədbirlər axtarırlar. Siyasətçinin ictimaiyyət tərəfindən düzgün anlaşılması üçün PR menecerinin məsuliyyəti və media ilə müsbət əlaqələr böyük önəm kəsb edir. Siyasətçilər daim diqqət mərkəzində olduğuna görə böhrana, riskə və qarşı tərəflə mübarizəyə daha çox məruz qalırlar.
Əgər siz siyasi namizədsinizsə, məsələn, kampaniyalarınız üçün, çıxışlar yazmaq üçün kimsə lazımdır. Bütün dinləyicilərin düzgün başa düşməsi, mesajınızı çatdırmaq üçün media ilə yaxşı münasibət qura bilən və bacarıqlı bir sözçünün olması da çox vacib olacaq. Siyasətdə PR-ın məqsədi siyasətçini fərdi şəkildə təmsil etməkdən kənara çıxır və bəzən səs və partiya xatirinə siyasətçilər digər qruplarda öz müsbət imicini ləkələməli olurlar.
PR meneceri olmaq asan deyil - güclü, sabit və ehtiyatlı qalmaq lazımdır. Əks təqdirdə, tərəf və ya şəxs arzuolunmaz reklam qazana bilər. PR siyasi böhranın idarə olunmasında da əvəzsiz vasitədir. Bu zaman böhran anında lazimi manevrlər mütləq gedişata təsir edəcəkdir və baş verə biləcək “fəlakətin” qarşısı alınacaqdır. İmicin yaradılması, dəstək toplanılması və ictimai rəyə təsir etmək baxımından ən effektiv siyasi PR texnologiyaları siyasi kampaniyalardır.
Uğurlu siyasi PR kampaniyasının parlaq nümunələrindən biri Barak Obamanın 2008-ci il prezidentlik kampaniyasıdır. “Bəli, biz bacararıq” şüarı ümid və dəyişikliyin cəlbedici hekayəsi ilə birlikdə Amerika xalqının təxəyyülünü ələ keçirdi.

Bu kampaniya təkcə Obamanın mövqeyini gücləndirmədi, həm də Demokrat Partiyasını canlandırdı və nəticədə onun ABŞ-ın 44-cü prezidenti kimi tarixi seçilməsi ilə nəticələndi. Hazırki dövrü rəqəmsallaşma, texnologiya əsri hesab etsək, o zaman ortaya rəqəmsal siyasi PR anlayışı çıxacaq. Hər hansısa X lider və ya namizəd sosial mediadan aktiv istifadə edirmi? İstifadə zamanı bir çox faktorları, kütlə psixologiyasını nəzərə alırmı? Bu məsələdə PR mütəxəssislərindən məsləhət alırmı və ya bütöv idarəetməni onlara həvalə edirmi?
Bir çox siyasətçi sosial media fəaliyyətlərini PR meneceri ilə məsləhətləşir,digər qisim isə müstəqil şəkildə idarə edir. Buna baxmayaraq, nəticə göstərir ki, PR menecerləri ilə məsləhətləşən namizədlər digərlərinə münasibətdə daha uğurlu olur və baş verə biləcək qarışıqlığın, xaosun qarşısı alınır.
Buna misal olaraq, qaydaları pozduğuna görə əksər sosial media platformalarında qadağan edilmiş ABŞ-ın keçmiş prezidenti Donald Trampı göstərmək olar. Çox güman ki, ABŞ-da baş verən bütün dəhşətli hadisələrin qarşısını almaq olardı. Lakin məsləhətsiz addımı vəziyyəti dəyişdirmişdi. Buna görə birinci növbədə böhranlı vəziyyət üçün hər zaman B planı olmalıdır. Belə vəziyyətlərdə siyasi liderin etibarlı və təcrübəli komandası olmalıdır. Böhranlı vəziyyəti isə heç vaxt ört-basdır etmək olmaz. Hələ ki indiki dövrdə bu çox çətindir. Buna görə sosial media vasitəsilə siyasətçi baş verən situasiya ilə əlaqədar ictimaiyyətə şəffaf və doğru məlumat verməli, diqqəti düzgün istiqamətə yönəltməlidir. Digər bir önəmli məsələ isə siyasətçilər çıxışları zamanı sözlərə, hərəkətlərə və reaksiyalara fikir verməlidirlər. Əks təqdirdə onlar siyasətçinin özünə qarşı bir alət kimi istifadə oluna bilər və reputasiya da zədələnmiş olar.

Ən bariz nümunəsi Nikol Paşinyanın çıxışlarından göstərilə bilər. Öz çıxışlarında yol vediyi səhvlərlə nəinki erməni ictimaiyyətinin, bütün dünyanın gözündə öz imicini zədələmiş, qeyri-peşəkar lider olaraq yadda qalmışdır. .
Bunun əksini Prezident İlham Əliyevin çıxışlarını bariz nümunə kimi göstərə bilərik. Çıxışlarında, müxtəlif dillərdə verdiyi müsahibələrində, xalqa olan müraciətlərində sərbəst, axıcı, dolğun, dəqiq, mükəmməl və təsirli nitqi onun peşəkar bir siyasətçi kimi yaddaşlarda qalmasına səbəb olmuşdur. 44 günlük Vətən müharibəsi zamanı etdiyi çıxışlarında nümayiş etdirdiyi “Dəmir yumruq” qarşı tərəfə olan bir mesaj xarakteri daşımaqla bərabər həm də Azərbaycanın, onun siyasətinin dünya arenasında simvoluna çevrilmişdir.

Fəaliyyətlə bağlı ictimaiyyətə hesabat verilməsi və qiymətləndirilmə də mühüm əhəmiyyət kəsb edir. Buna nümunə olaraq İlham Əliyevin həftəlik fəaliyyəti ilə bağlı məlumatları özündə əks etdirən “Prezident həftəsi” buraxılışını göstərə bilərik. Belə ki, burada Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı hər həftə dərc olunan məlumatlar öz əksini tapır. Onlar Prezidentin rəsmi Facebook, YouTube, Instagram kimi hesablarında paylaşılır. Beləcə ictimaiyyət, xalq eləcə də ölkə xaricində olan digər şəxslər Prezidentin gördüyü işlər haqqında dolğun və şəffaf şəkildə məlumat alır. Müharibə dövründə keçirilən brifinqlər, Prezidentin xalqa olan müraciətləri, Prezidentin rəsmi sosial platformaları üzərindən edilən aktiv paylaşımlar, eləcə də xarici media nümayəndələrinin suallarına verilən dəqiq və dolğun cavablar

Prezident İlham Əliyevin həm xarici həm də daxili arenada Siyasi PR sahəsində müsbət imicinin formalaşmasında böyük rola malikdir. PR-ın ən pik həddi isə məhz Prezident İlham Əliyevin nitqində hiss olunur. Prezidentin andiçmə mərasimindəki nitqindən müəyyən hissəni sitat gətirək:
“Hörmətli xanımlar və cənablar.
İlk növbədə, bir daha mənə bu seçkilərdə göstərilən yüksək etimada görə doğma Azərbaycan xalqına dərin təşəkkürümü bildirmək istəyirəm. Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm.
Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir. Seçkilər ədalətli və şəffaf şəkildə keçirilmişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir.
Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur.”
Prezidentin nitqini dinləyən qarşı tərəfdə, yəni seçicidə artıq bir ideal prezident modeli formalaşmış olur. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti də əsl PR nümunəsidir. Məlumdur ki, hazırki dövr qarışıqlıq, böyükmiqyaslı ixtişaşların, münaqişə və müharibələrin sıx olduğu tarixi bir vaxtdır. Bu zamanda Prezidentimizin uğurlu siyasəti nəticəsində ölkə daxilindəki sabitlik bərqərar edilmiş, inkişafa nail olunmuşdur.

Ölkə başçısı uğurlu xarici siyasəti ilə daim Azərbaycanı münaqişə və müharibələrdən uzaq tutmuş, əsas məqsədi ölkənin innovativ inkişafına nail olmaq olmuşdur. Müasir dövrdəki idarəetməni Ulu Öndər Heydər Əliyevin məşhur idarəetmə strategiyasının davamı hesab etsək, biz bənzər nümunələri XX əsrdə Ulu Öndər Heydər Əliyevin nitqində də görə bilərik. O andiçmə zamanı bunları vurğulayır:
“Əziz həmvətənlər!
Hörmətli xanımlar və cənablar!
Müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilməyimi yüksək qiymətləndirirəm və bu münasibətlə Azərbaycan xalqına, Azərbaycan Respublikasının bütün vətəndaşlarına öz hörmət və ehtiramımı, dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm.
Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.
Respublikanın daxilində nisbi sakitlik və sabitlik yaransa da, biz hələ böyük təhlükə altındayıq. Ermənistan silahlı qüvvələrinin beş ildən bəri davam edən təcavüzü nəticəsində Azərbaycan torpaqlarının bir qismi - təxminən 20 faizi işğalçıların əlinə keçibdir. Keçmiş Dağlıq Qarabağ vilayəti tamamilə işğal olunub, Azərbaycan xalqı üçün əziz və mötəbər olan Şuşa şəhəri artıq il yarımdır ki, əlimizdən gedibdir. Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı rayonlarımız da erməni silahlı qüvvələri tərəfindən işğal olunubdur. Bunların nəticəsində yüzlərlə kəndlər, qəsəbələr, yaşayış məntəqələri dağılıb, evlər viran olub. Bu ərazilərdə yaşayan soydaşlarımız? 1 milyona qədər vətəndaş doğma yerlərini tərk edib, qaçqın olub, ağır vəziyyətdə yaşayırlar. Bütün bunlar respublikanın ictimai-siyasi, mənəvi vəziyyətini gərginləşdirmişdir. Bizim ən əsas vəzifəmiz respublikanı müharibə vəziyyətindən çıxarmaq, işğal olunmuş torpaqların hamısını geri qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü, müstəqil respublikanın sərhədlərinin təhlükəsizliyini təmin etmək, yurd-yuvasından didərgin düşmüş soydaşlarımızı, bacılarımızı, qardaşlarımızı öz doğma yerlərinə qaytarmaqdır.
Əmin ola bilərsiniz ki, bir Prezident kimi mən bu vəzifəni özümün əsas vəzifəm hesab edirəm və bunu yerinə yetirmək üçün bütün Azərbaycan xalqının qüvvələrini səfərbər edib, bütün imkanlardan istifadə edib, bütün səylərimi sərf edib Azərbaycan xalqının istəyinə nail olacağam”.
Qeyd etdiyimiz kimi ideal lider ilk növbədə etimadı qazanmalı, öz nitqini maksimum təsirli tutmalı və kütlənin psixologiyasını idarə etməyi bacarmalıdır. Biz bunu həm İlham Əliyevin, həm də Ulu Öndərin fəaliyyətində aydın hiss edirik. Respublikamızda PR-ın ən mükəmməl, ən aktual nümunəsi olaraq, 2022-ci il dekabrın 12-də səhər saatlarından etibarən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyalarını nümunə göstərilə bilər. İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına mane oldu. Hadisələr etirazlara və uzunmüddətli aksiyalara səbəb oldu. Aksiyanın şüarı insana vətənpərvərlik ruhunu aşılayır və çağırışçıları daha da ruhlandırırdı:Azərbaycan oyaqdır, sərvətinə dayaqdır! Azərbaycan vahiddir, sərvətinə sahibdir!
Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması aksiyanın ən böyük uğurlarından biridir. “Ən böyük PR məhz əməllərdir, görülən işlərdir” deyərək hazırki qarışıq dövrdə İlham Əliyevin fəaliyyətinə nəzər salaq.

30 ilə yaxın işğal dövründə Azərbaycan Qarabağla bağlı siyasətində bir addım belə geriləmədi. İstər ulu öndər Heydər Əliyevin dövründə, istərsə də Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi bu illər ərzində aparılan siyasət öz bəhrəsini verdi, torpaqlarımız işğaldan azad olundu. 44 günlük müharibə nəinki döyüş meydanında, həm də informasiya məkanında aparıldı. Dövlət başçısı döyüşlərə komandanlıq etməkdən savayı, eyni zamanda dünyanın ən nüfuzlu telekanallarına, mətbuat orqanlarına 30-dan çox müsahibə verdi. Bununla ermənilərin həm də informasiya manipulyasiyasına ciddi zərbə vuruldu.
Bugün böyükdən kiçiyə hamının dilində əzbər olan “İlhamla irəli!” şüarı ölkə tarixində ən çox uğur qazanan şüar kimi tanınır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prezident seçkilərində 4 dəfə dalbadal qalib tərəf olmasında, təbii ki, PR kompaniyalarında az da olsa, payı var. Belə ki, ilk seçkidən sonra bütün vədlərin özünü doğrultması xalq arasında cənab Əliyevə sarsılmaz etimad yaratdı. Bundan əlavə onun xalqdan biri kimi, sıravi vətəndaş kimi fəaliyyəti, öz xalqına mənəvi bağlılığı özünü göstərir. II Qarabağ müharibəsi dövründə də informasiya cəbhəsində aparılan mübarizələr təhlil edilərkən, PR-in gücü və rolu bir daha öz əhəmiyyətini bizlərə xatırladır.
Abbaszadə Leyla, Ağaquliyeva Pərvanə
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının tələbələri


Şərhlər