Almaniya Federal Prokurorluğu Moskva Birjasının bölməsi olan Rusiya Milli Hesablaşma Depozitarının hesablarında saxlanılan 720 milyon avronun (790 milyon dollar) müsadirə edilməsi tələbi ilə Frankfurt-Mayn Ali Regional Məhkəməsinə müraciət edib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalında dərc olunan məqalədə deyilir.
Pul Almaniyadakı “JP Morgan bank”ın hesablarında dondurulub. Federal prokuror hesab edir ki, fondların operatoru Almaniya qanunlarını pozaraq onları geri götürməyə cəhd edib. Vəsaitlərin cinayət aləti kimi müsadirə edilməsi təklif edilir. Daha sonra 720 milyon avro federal büdcəyə veriləcək. 2022-ci ilin iyununda depozitariyə qarşı sanksiyaların tətbiqindən sonra Moskva Birjasının digər törəmə müəssisəsi olan Milli Klirinq Mərkəzinin hesablarına pul köçürməyə cəhd edilib.
Birjada əməliyyatları təmin etmək üçün investorların pulları depozitar hesablarında saxlanılır. Moskva Birjası Milli Hesablaşma Depozitarına qarşı sanksiyalardan Aİ Məhkəməsinə şikayət edib. Birjanın müşahidə şurasının rəhbəri Sergey Şvetsov iyunda qeyd edib ki, depozitari vəsaitlərin sahibi deyil.
“Almaniyada Rusiyanın ümumi dəyəri təxminən 5 milyard avro olan aktivləri həbs edilib”, - “Der Spiegel yazır”.
“Financial Times” qəzeti yazır ki, Rusiyanın dünya üzrə dondurulmuş aktivlərinin ümumi dəyəri 300 milyardı ötür. Bunlardan 260-ı Rusiya Bankının aktivləridir, 210-u Avropa İttifaqında saxlanılır. Nəşr qeyd edir ki, ABŞ hakimiyyəti qeyri-rəsmi olaraq Aİ-yə bu vəsaitləri Ukraynanın xeyrinə müsadirə etməyi təklif edir.
“AzPolitika.info”


Şərhlər