Menu

“Tibbi tullantılar infeksion xəstəliklər və radioaktiv təhlükələr törədir” – Komitə sədri təkliflərini açıqladı

21.12.2023, 16:09
“Tibbi tullantılar infeksion xəstəliklər və radioaktiv təhlükələr törədir” – Komitə sədri təkliflərini açıqladı

“Tibbi tullantılar çirklənmiş materiallardır. İnsan və ya heyvanların hissələri, bədən mayeləri də daxil olmaqla virus və bakteriyalarla dolu bu materiallar həm ətraf mühit, həm də insan sağlamlığı üçün təhlükə mənbəyidir”.

“AzPolitika.info” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Səhiyyə komitəsinin bu gün keçirilən iclasında bildirib.

Millət vəkili qeyd edib ki, insanlarla yanaşı bitki və heyvanlar üçün də çox zərərli olan tibbi tullantılar təhlükəli, hətta ölümcül xəstəliklər ötürür. “Elə tibbi tullantılar var ki, utilizasiya olunmamış torpağa basdırıldıqda yüz illərlə çürümür və beləliklə yeraltı su hövzələrinə qarışıb ağır yoluxucu xəstəliklər yayır”, - o əlavə edib.

Sadiq Qurbanov xatırladıb ki, Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, tibbi tullantıların 15 faizi infeksion xəstəliklər və radioaktiv təhlükələr törədir: “1 qram tullantıda 0.1-1 milyard mikrob, tibb müəssisələrində isə 1 qram tullantıda 200-300 milyard mikrob olur. İnkişaf etmiş ölkələrin tibb müəssisələrində tullantı 1 çarpayı üçün 2.5 kq, inkişaf etməkdə olan ölkələrin tibb müəssisələrində isə 1.8-2 kq təşkil edir. Məhz bu səbəbdən tibbi tullantıların toplanması, daşınması və zərərsizləşdirilməsi insanların sağlamlığı üçün həyati vacib amildir”.

Komitə sədrinin sözlərinə görə, tibbi tullantılar epidemioloji, toksikoloji, radiasiya dərəcəsinə, həmçinin ətraf mühitə mənfi təsirinə görə 4 sinfə bölünür: “A sinfi təhlükəsiz, B sinfi təhlükəli, C sinfi xüsusi təhlükəli, D sinfi tərkibi sənaye tullantılarına yaxın olanlar”.

Tibbi tullantıların yarada biləcəyi təhlükələr barədə danışan millət vəkili vurğulayıb ki, digər problem, şəhər və rayon xəstəxanalarının kanalizasiyasında zərərləşdirilmə avadanlığların qeyri-mövcudluğudur. Müasir – yeni viruslar erasında bu fakt xüsusilə təhlükəli hesab edilir. Aidiyyatı qrumların burada olmasından istifadə edərək soruşmaq istərdim ki, məlumatları varsa, mövcud vəziyyət barədə açıqlama versinlər”.

Sadiq Qurbanov daha sonra çıxışında araşdırmalar nəticəsində əldə olunan nəticələrdən danışıb: “Məlum olub ki, tibb sahəsində istifadə edilən avadanlıq və onların tullantılarının tərkibində radioaktiv, qıcıqlandırıcı, kanserogen, infeksion, teratogen, mutagen və s. xüsusiyyətlərdən birinə və ya bir neçəsinə malik olan, müəyyən şəraitdə, insan sağlamlığı üçün müxtəlif dərəcəli ekoloji, epidemioloji və toksikoloji təhlükə yaradan ziyanlı maddə və birləşmələr, konstruktiv hissələr və s. var. Göstərilir ki, bu səbəbdən tibbi tullantılar digər tullantı növlərindən yarada biləcəyi təhlükələrə, emal xüsusiyyətlərinə görə kəskin fərqlənirlər”.

Komitə sədri daha sonra təkliflərini açıqlayıb:

- Tibbi və qeyri - tibbi tullantıların nəzarətə götürülməsi prioritet məsələ kimi qoyulsun;

- Mövcud vəziyyətin qiymətləndirməsi və açıqlanması, o cümlədən analitik laboratoriyanın təşkili və davamlı təcizatı təmin edilsin;

- Havaya buraxılan tüstü və kimyəvi toksik maddələrin qarşısının alınması məqsədi ilə xüsusi mikrodalğalı sobaların tibb mərkəzlərində quraşdırılması tələb olunsun;

- Rayonlar və şəhərlər üzrə monitorinqlərin keçirilməsi və məlumat bazasının yaradılması görüləcək işlərə xüsusi töhvə olardı;

- Yaşıl xəstəxanalar fəaliyyətə başlamalıdırlar.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol