“BƏRXUDAROV NAZİRLİYƏ SİYAHI GÖNDƏRMİŞDİ...” – “Bizi qurbanlıq seçiblər” (ŞOK İFADƏLƏR)

“İşgəncələrə göstəriş verənlər, nəzarət edənlər kənarda qalıb, bizi "zəif bənd" kimi qurbanlıq seçiblər”.

“AzPolitika.info” “azadliq.org”a istinadla xəbər verir ki, bunu Beyləqanda hərbçilərə verilən işgəncələrə görə mühakimə olunanlardan biri, həbs olunana qədər Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra etmiş general-mayor Bəkir Orucov deyib.

Məhkəmədə son söz deyən general Beyləqanda məlum hadisələr baş verərəkən korpusun qərargah rəisi olub.

Xatırladaq ki, hərbçilərə qarşı kütləvi işgəncələrlə və nəticədə bir nəfər zabitin ölümü ilə bağlı doqquz aya yaxındır davam edən məhkəmə prosesi yekunlaşır. Hakim önünə 5 təqsirləndirilən şəxs çıxarılıb.

B.Orucov vurğulayıb ki, müdafiə nazirinin, Baş Qərargah rəisinin, korpus komandirinin səhvlərinə görə onları cəzalandırırlar. O, olub-bitənlərin Müdafiə Nazirliyi rəhbərliyinin nəzarəti altında, korpus komandiri Mais Bərxudarovun göstərişi ilə baş verdiyini söyləyib: "Xainlər siyahısını kim tərtib eləyib nazirliyə göndərmişdi? O adamları ora yığdırıb işgəncə verdirən kim olmuşdu? Bərxudarov belə zəif idi ki, mən onu idarə edirdim?! Korpus komandirinin xəbəri və icazəsi olmasaydı, təhqiqatçı gəlib nəinki kiməsə işgəncə verə, heç içəri girə bilməzdi. Heç Rauf Kişiyev (Müdafiə Nazirliyi Hüquq İdarəsinin ovaxtkı rəisi-red.) gəlib orada kimisə həbs elətdirə bilməzdi. İndi kimin adamı, pulu var, hamısı vəzifədə, bizi qurban seçiblər".

B.Orucovun fikrincə, həmin ərəfədə gerçəkdən xəyanət olub, sadəcə konkret kimlərin xain olduğu düzgün müəyyənləşdirilməyib. Nəticədə Tərtər və Beyləqanda yüzlərlə hərbçiyə işgəncə verilib, 10 nəfərdən çox adam öldürülüb.

General yaşananlara görə müdafiə naziri Zakir Həsənovu da günahlandırır: "Müdafiə Nazirliyində 140 milyonluq yeyinti aşkarlanır, nazir deyir ki, xəbərim yoxdur. Satınalmalardakı korrupsiya üzə çıxır, deyir xəbərim yoxdur. Tərtər hadisələrindən xəbəri yoxdur. Bəs nədən xəbəri var?".

Təqsirləndirilən şəxslərdən Müdafiə Nazirliyi Hüquq İdarəsinin təhqiqatçısı olmuş, Beyləqan hadisələri ərəfəsində ora ezam edilən İntiqam Məmmədov son sözündə deyib ki, korpus komandiri Bərxudarov nazirliyə siyahı göndərmişdi. Orada adları çəkilən şəxslərin düşmənlə əməkdaşlıqda şübhəli bilindiyi iddia olunurdu: "İndi Mais Bərxudarov kənarda qalıb, mənə ittiham veriblər ki, guya ora düşmənlə əməkdaşlıqda şübhəli bilinənləri müəyyənləşdirməyə getmişəm. Yaxud da yazıblar ki, guya mən kimlərisə vəzifədən çıxartdırıb, əsassız və qanunsuz həbs eləmişəm. Əmri verən Baş Qərargah rəisi, korpus komandiri. Mən Nəcməddin Sadıkova, Mais Bərxudarova göstəriş verə bilərdim ki, filankəsi işdən çıxar? Bu qədər yalan olar?!"

İ.Məmmədov ovaxtkı Baş Qərargah rəisi N.Sadıkovla münasibətlərinin yaxşı olmadığını, qərəzli münasibətinə görə də onu əsassız cəzalandırıb iclasdan qovduğunu deyib: "Nəcməddin Sadıkovun ən zəhləsi gedən adamlardan biri mən olmuşam. Çarəsi olsaydı, başımı kəsərdi. Mən nazirlikdən əvvəl Beyləqanda təhqiqatçı işləmişəm. O dövrdə ön xətdə mina partlamışdı. Buna görə təhqiqatçı neyləsin? Məni iclasdan qovdu..."

Özündən öncəki iki təqsirləndirilən kimi, Rahib Məmmədov da son sözündə bəraət istəyərək Beyləqandakı sorğu-suala cəmi 15 dəqiqə qatıldığını söyləyib. Bu prosesdə fəal iştirak edən, hətta zorakılığa yol verən təhqiqatçılar kənarda saxlanılıb, onu cəzalandırırlar: "Mən Yazıçılar Birliyinin üzvüyəm və üç roman, doqquz şeir kitabım var. Həm qələmimlə, həm də zabit kimi bu xalqa xidmət etmişəm. Mən şərəfimi satmadığıma görə cəzalandırılmışam. Belə çıxır ki, davam edir 37... Mən şərafət dustağıyam. Amma qalib ordunun məğlub zabiti olmaq istəmirəm".

Korpusda təlimatçı olmuş Ülvi Rəşidovun son sözü qısa olub. O da bəraət istəyib.

Təqsirləndirilən şəxslərdən yalnız snayper bölüyünün komandiri Ziya Kazımovun son sözü qalıb. Məhkəmə iclasında onun durumu pisləşib, təcili tibbi yardım çağırılıb. Həkimlərin rəyi əsasında məhkəmə prosesi dekabrın 28-nədək ertələnib.

Xatırladaq ki, iş üzrə məhkəmə istintaqı bir neçə aydır yekunlaşıb. Prokuror onlara 8 il 6 aydan 12 il 6 ayadək həbs cəzası istəyib. Ayyarım öncə vəkillər də müdafiə çıxışı etdiyindən yalnız təqsirləndirilən şəxslərin son sözləri qalıb.

Prokuror təqsirləndirilən şəxslərdən general B.Orucov və Z.Kazımovun hər birinə 12 il 6 ay, Ü.Rəşidov və İ.Məmmədova 10 il 6 ay, R.Məmmədova isə 8 il 6 ay həbs cəzası verilməsini tələb edib.

General-leytenant M.Bərxudarov isə ünvanına səslənən ittihamları qəbul etmir. O, general B.Orucovun məhkəmədə onun ünvanına səsləndirdiyi ittihamları bir müddət öncə belə cavablandırıb: "Bəkir Orucov nə danışıbsa, özü bilər. Amma nahaq danışıb, çünki dedikləri həqiqəti əks etdirmir. Nə danışırsa, danışsın. Mən indi telefonda nəsə danışa bilmərəm. Hər şeyə hüquqi qiymət verilir. Biz hüquqi ölkədə yaşayırıq..."

“AzPolitika.info”

635x100

Şərhlər

Barxudar 2023-12-24 16:53:52

Niyə sərhləri vermirsiniz? Əgər qorxursunuzsa, onda xəbəri ümumiyyətlə paylaşmayın

Əkbər Abbaszadə 2023-12-24 16:39:32

Maska riyakar, pulgir və torba tikməkdə mahir usta birisidir. Bir neçə dili mükəmməl bilir. Əsl danısıq dilini Tovuzdakı Ayan Palace otelinin lyuks nömrəsində mərhum müəlliməsindən öyrənib.

Mubariz 2023-12-23 13:55:45

Balaca uşaq da bilir ki ,günahkarlar öz keflərindədir ,bu zavalılar qurbanlıqdır ,hakim -prokuror yuxarıdan əmr gözləyir

t.ədalət 2023-12-22 22:10:28

Barxudarov ,,,, təşkilatı tərəfindən idarə olunan adamdır.Onlar müharibənin bitməsini istəmirdilər....

Fuad 2023-12-22 21:30:58

Qanuni ölkə? Bura haradadır? Amerikad,Asiyada,yosa Aftikada?

Köhne 2023-12-22 19:58:06

Hūquqi ölkə

Son yazılar