Menu

CƏNUBİ QAFQAZDA NÜFUZ MÜHARİBƏLƏRİ – Region ölkələrinin gələcək seçimləri nə ola bilər?

23.12.2023, 08:50
CƏNUBİ QAFQAZDA NÜFUZ MÜHARİBƏLƏRİ – Region ölkələrinin gələcək seçimləri nə ola bilər?

“Cənubi Qafqaz regionu dünyanın ən parçalanmış regionlarından biridir. Bölgənin üç ölkəsi öz xarici siyasət prioritetlərində müxtəlif vektorlar seçdilər ki, bu da kiçik bir regionda NATO, KTMT, Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi, vahid gömrük məkanı, eləcə də üçüncü yolun tərəfdarlarının yaranmasına səbəb oldu. Bu vəziyyət həm yaxın, həm də uzaq qonşular, eyni zamanda nüfuzlu güc mərkəzləri olan xarici oyunçuların regional konfiqurasiyalarda iştirakına şərait yaratdı”.

“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov 44 günlük müharibədən sonra regionda gedən prosesləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı hələlik müttəfiqlik səviyyəsinə çatmayıb. “Lakin konkret layihələrin həyata keçirilməsində birlik, səmərəlilik nümayiş etdirirlər və çoxsaylı qarşılıqlı fəaliyyət, tərəfdaşlıq formatları əldə ediblər, - o əlavə edib.

Ekspert qeyd edir ki, Ermənistan-Rusiya və Ermənistan-İran formatları paralel olaraq inkişaf edib: “Rusiya və Ermənistan vahid ittifaq yaradıblar, Ermənistanla İran isə strateji tərəfdaşlığa malikdirlər. Ancaq Moskva üçtərəfli formatın formalaşmasına imkan vermədi, yəni bu ölkədəki maraqlarını Tehranla bölüşmək istəmədi. Ermənistanın 44 günlük müharibədə məğlubiyyəti isə bu üçtərəfli tərəfdaşlıq perspektivlərini alt-üst etdi”.

F.Məmmədovun sözlərinə görə, Qərb - ABŞ və Aİ region ölkələri ilə situasiyalara uyğun münasibətlər qurdu, lakin 2020-ci ilə qədər zəmanətli heç nə təklif edə bilmədi, yalnız Gürcüstanın Aİ ilə assosiasiya sazişi imzalamasına müvəffəq oldu.

Region ölkələrinin gələcək seçimləri nə ola bilər?

Politoloq bu suala cavabında deyib: “44 günlük müharibənin nəticələri hələ də tam olaraq reallaşmayıb. Ötən üç il ərzində regiondakı dəyişikliklərə təsir edən müxtəlif addımlar atılıb. Azərbaycan və Ermənistan arasında gözlənilən sülh müqaviləsi, eləcə də Ermənistan-Türkiyə münasibətlərinin normallaşması yeni konfiqurasiyanın formalaşmasını sürətləndirəcək. Qeyd etmək lazımdır ki, regional proseslərin ənənəvi iştirakçıları öz mövqelərindən asanlıqla imtina etmək fikrində olmadığından rəqabətli dinamika hələ də davam edəcək.

Azərbaycan və Türkiyə bütün fəaliyyət sahələrini əhatə edən müttəfiqlik münasibətlərini rəsmiləşdirib. Gürcüstan strateji tərəfdaş statusunda qalaraq bu üçtərəfli formatda iştirakını davam etdirir. Ermənistanın bu konfiqurasiyada tərəfdaş kimi iştirak perspektivi görünür. Azərbaycan-Türkiyə oxu kommunikasiya komponentinin yenilənməsi hesabına yeni cəlbediciliyə malikdir.

Rusiya hələ də Ermənistanın rəsmi müttəfiqi olaraq qalır, lakin İranla hansısa yolla qruplaşmaq istəmir və bu niyyətdə görünmür. Beləliklə, Ermənistanın Rusiyadan üz döndərməsi formal olaraq hələ baş verməsə də, əslində bu tandemin perspektivləri o qədər də parlaq deyil.

İran da bu üç il ərzində forma və məzmunca yeni bir gündəm təqdim edə bilmədi. Ermənistan Rusiyadan İrana yox, Qərbə üz tutur. Gürcüstan Qərbə inteqrasiyasını ətalətlə davam etdirir. Tehranın Azərbaycana təzyiqləri də heç bir nəticə vermədi. Deməli, İran ərazisindən keçən 60 kilometrlik Azərbaycan-Türkiyə nəqliyyat layihəsi ilə kifayətlənməlidir.

Ermənistanda Rusiya ilə münasibətlərdə boşluq yarandığına görə Qərb regionda fəallaşıb. ABŞ və Aİ Ermənistanı himayə etmək üçün fəal şəkildə Rusiyanı əvəz etməyə çalışırlar. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə dəstəyin rəsmiləşdirilməsi üçün “yerdə” resurslar kifayət qədər olmadığı üçün bu dəstək Ermənistanın sərhədləri ilə məhdudlaşır. Bununla yanaşı, Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi Qərbə 30 ildən artıq müddətdə ilk dəfə olaraq regionda Gürcüstanla Ermənistanın timsalında öz konfiqurasiyasını formalaşdırmağa başlamağa imkan verir. Belə bir konfiqurasiya yaranarsa, o zaman Qərb yeni tərəfdaşları ilə həyata keçirəcəyi kommunikasiya layihələrində Azərbaycan -Türkiyə tandeminin bir növ məhdudlaşdırıcı təsiri ilə üzləşəcək”.

F.Məmmədov vurğulayıb ki, 2020-ci ilin 44 günlük müharibəsinin əsas geosiyasi nəticələri, yəni Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və kommunikasiyaların açılması reallaşmadığından müxtəlif konfiqurasiyalar arasında rəqabət davam edir. “Proseslər gedir və oyunçuların resursları yüksək sürətlə artır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırıldığı açıqlanan zaman onlar arasında qığılcımlar yarana bilər”, - ekspert fikirlərini yekunlaşdırıb.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol