Almaniyanın Moskvadakı səfiri Alexander Graf Lambsdorff Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibə ilə bağlı mövqeyində heç bir dəyişiklik görmür və hesab edir ki, onun sülh danışıqları aparmaq fikri yoxdur.
“AzPolitika.info” xəbər verir ki, Lambsdorff bunu Almaniyanın “Redaktionsnetzwerk Deutschland” nəşrinə müsahibəsində deyib.
"Putin öz hərbi məqsədlərini yenidən təsdiqlədi. O, qətiyyən danışıqlara hazır deyil", - deyə Lambsdorf bildirib.
Onun sözlərinə görə, 2024-cü ilin martında keçiriləcək prezident seçkilərindən sonra Putinin mövqeyini dəyişəcəyinə dair heç bir əlamət yoxdur. Diplomat qeyd edib ki, Putinin seçkilərdə vəzifədən kənarlaşdırılacağı gözlənilmir və onun idarəetmə sistemində parçalanma əlamətləri yoxdur. O, həmçinin Rusiya başçısının sağlamlığında da hər hansı problem görünmədiyini bildirib.
Xatırladaq ki, dekabrın 14-də keçirdiyi mətbuat konfransında Vladimir Putin Ukraynaya qarşı müharibənin onun bütün məqsədlərinə - denasifikasiya, demilitarizasiya və Ukraynanın neytral statusuna nail olana qədər davam edəcəyini deyib.
“AzPolitika.info”


Şərhlər